5-7 noyabr tarixlərində Bakıda Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsi üzrə növbəti görüş keçiriləcək. Bu, tərəfdaşları İtaliya, Fransa, Yunanıstan və Azərbaycan olan layihə iştirakçıları arasında baş tutan sayca 4-cü görüşdür.
Teleqraf.com xəbər verir ki, ECONANO layihəsinin əsas məqsədi Azərbaycanda “Ekologiya mühəndisliyi” (EM) üzrə mövcud tədris proqramlarının daha müasir və təkmil kursların daxil edilməsi yolu ilə, xüsusilə nanomaterialların ətraf mühitin mühafizəsində tətbiqi və monitorinqini nəzərə alaraq modernləşdirilməsidir.
Azərbaycan təhsil sistemində EM üzrə tədrisin modernləşdirilməsində məqsəd neft sənayesinin və digər sənaye sahələrinin intensiv inkişafı ilə əlaqədar yaranan ekoloji təsirlərə qarşı mübarizəni ixtisaslaşmış səviyyədə aparmaqdır.
Azərbaycan ali məktəbləri ilə Avropa Birliyi ölkələrinin ali məktəblərinin ikili dərəcə çərçivəsində birgə diplomlarının verilməsi məsələsinə baxılacaq. Layihədə iştirak edən İtaliya, Fransa və Yunanıstan universitetləri ilə Azərbaycan universitetlərinin əməkdaşlığı möhkəmləndiriləcək və inkişaf etdiriləcək:
“Layihə çərçivəsində nanotexnologiyanın nailiyyətlərindən istifadə edərək, Azərbaycanın ali təhsil sistemində və Şərqi Avropa ölkələrində “Ekologiya mühəndisliyi” üzrə magistr pilləsi üçün kurrikulumun modernləşdirilməsi və islahatı həyata keçiriləcək.
Layihədə mühəndis ekologiyası üzrə magistr hazırlığını nanotexnologiyanın nailiyyətlərinə əsaslanaraq aparmaq daha məqsədəuyğundur. Bunun üçün xüsusi metodika hazırlanacaq, iştirakçı universitetlərin professor-müəllim heyəti cəlb ediləcək, onlar arasında əlaqələr yaradılacaq. Layihə çərçivəsində tələbələrin mübadiləsi həyata keçiriləcək”.
Qeyd edək ki, hazırda Fransanın Paris-13 Universitetində də ECONANO layihəsinin hazırlanması ilə əlaqədar tədbir keçirilir. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun 1 saylı laboratoriyanın aparıcı elmi işçisi Bəhruz Süleymanov iştirak edir.
İLHAMƏ