27 Oktyabr 2014 16:47
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisad Universitetində İnnovativ Biznes-İnkubatoru yaradılıb

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağının nəzdindəki İnnovativ Biznes-İnkubatorun (İBİ) təqdimatı keçirilib. Tədbirdə Təhsil naziri Mikayıl Cabbarov, Gənclər və idman naziri Azad Rəhimov və başqa qonaqlar iştirak edib.

Yeni quruma 64 min 722 min manat ayrılıb

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov bildirdi ki, prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində müvafiq ixtisaslar üzrə hazırlıq aparan gənclər üçün biznes-inkubatorların yaradılmasına xüsusi yer verilib və bu, tədbirlər planında öz əksini tapıb: “Universitetdə innovasiya yönümlü iqtisadi təhsilin formalaşdırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində yaradılmış İnnovativ Biznes-İnkubator (İBİ) ölkəmizdə bu sahə üzrə ilk universitet təşəbbüsü və layihəsidir. İqtisad Universiteti ilə Gənclər və İdman Nazirliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq qurumun fəaliyyətinə dair tədbirlərin keçirilməsi üçün 64722 manat vəsait nəzərdə tutulub. Əməkdaşlıq çərçivəsində təlim kurslarının keçirilməsi, startapların inkişafına dair və gənc biznesmenlər üçün maarifləndirici metodiki vəsaitlərin, kitabların hazırlanması, tərcümə edilməsi, İBİ-nin internet saytının yaradılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub. Biz yeni inkubatorçu 4 ofis yaratmışıq, tələbələrimizin ideylarının reallaşdırılması məqsədi ilə 4 startaplara yaşıl işıq yandırmışıq. Əminəm ki, gələcəkdə bizim inkubatorda da startapların sayı dəfələrlə artacaq”.

Tədris, elm və biznes üçbucağı...

ADİU-nun növbəti layihəsindən də söz açan rektor dedi ki, Dünya Bankı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə ilk dəfə olaraq virtual müəssisə layihəsi də yaradılır: “Bu layihə imkan verəcək ki, tələbələrimiz virtual məkanda praktiki biliklərini formalaşdırsınlar və təkmilləşdirsinlər. Biz çalışacağıq ki, ilk dəfə yaradacağımız virtual müəssisə həm də müasir biznes inkubator xidmətləri göstərsin. Eləcə də bu il sentyabrın 19-da Biznes Mərkəz, Elm və İnnovasiyalı Mərkəzi yaradılıb ki, bunlar da Təhsil Nazirliyinin yeni konsepsiyasına uyğun olaraq Azərbaycan İqtisad Universitetində tədris, elm və biznes üçbucağına müsbət təsir göstərəcək. Sizi əmin edirəm ki, İqtisad Universitetində yüksək keyfiyyətli, əmək bazarının tələblərinə cavab verən, şəxsiyyət və səriştə yönümlü kadr hazırlığının təmin edilməsi üçün bütün gücümüzü səfərbər edəcəyik”.

“Asudə vaxtını iş təcrübəsilə yanaşı maddi qazanca sərf etsin”

Təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək layihənin əhəmiyyətindən və vacibliyindən danışdılar. Mikayıl Cabbarov dedi ki, ADİU-da yaradılan infrastruktur baza digər ali məktəblərdə də istifadə olunacaq: “Tələbələrin asudə vaxtlarının eyni zamanda təhsil aldığı ixtisaslarla uyğun olaraq keçirilməsi onlar üçün həm iş təcrübəsi, həm də maddi rifahlarının yaxşılaşdırılması zamanın tələbinə uyğun təşəbbüsdür. Digər tərəfdən, ali təhsilin əsas məqsədlərindən biri əmək bazarının tələblərinə cavab verən məzunların yetişdirilməsidir. Bu baxımdan biznes inkubatoru iş təcrübəsi, müştəri ilə ünsiyyətdə olmaq və sahibkarlıq mədəniyyətinin formalaşmasına tələbəlikdən nail olmağa şərait yaradır”.

Təhsil naziri: “Nəzəri biliklərin praktikaya tətbiqi ali təhsilin funksiyasıdır”

İBİ-nin digər əhəmiyyətindən danışan nazir bir çox nüfuzlu şirkətlərin biznes inkubatorun müəyyən istiqamətlərinin rəsmi tərəfdaşları olduğunu qeyd etdi: “Bu baxımdan müasir korporativ şirkətlərlə tərəfdaşlıq işəgötürən fəlsəfəsini öyrənmək də tələbələr və gələcək məzunlar üçün əvəzolunmaz təcrübədir. Ali təhsilin funksiyalarından biri də əldə olunan nəzəri biliklərin praktikada həyata keçirilməsidir ki, bu aspektdən də biznes inkubatoru tələbələr üçün böyük əhəmiyyət kəsb edəcək. Ümid edirəm ki, bu salonda oturanlar arasında gələcəyin lider sahibkarları, xeyriyyəçiləri, filontropları əyləşiblər”.

Azad Rəhimov dedi ki, biznes inkubator gənclərin sahibkarlıq fəaliyyətinə təkan verəcək və keçirilən müsabiqələr əsasında seçilən gənc sahibkarlara tədris dəstəyi onlarda sahibkarlıq fəaliyyətinin nümunəvi olmasına gətirib çıxaracaq.

İBİ diplomlu işsizlər böhranını aradan qaldıracaqmı?

İnkubatorun direktoru Mircavid Həsənov çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında qonaqlara ətraflı məlumat verdi. Bildirdi ki, İBİ “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq yaradılıb. “İBİ əsasən Startaplar, Təlim mərkəzi, Biznes klinik və kovorkinq istiqamətləri üzrə fəaliyyət göstərir. İBİ-nin məqsədi ilk növbədə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı”nı icra etmək, ADIU-nun professor-müəllim heyətini təhsil, elmi-innovativ layihələrə cəlb etmək, ölkədə gənc menecer və sahibkarların yetişdirilməsi və tələbə startaplara öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.

İBİ-nin yaradılması Azərbaycanda diplomu işsizlər böhranını aradan qaldıracaqmı? Sualımıza Mircavid Həsənov cavab verdi ki, bu qurumun yaradılmasında əsas məqsəd tələbələrin nəzəri biliklərinin praktikaya tətbiqinə, gələcəkdə əmək bazarında sahibkar kimi formalaşmasına şərait yaratmaqdır: “Bu da bilavasitə diplomlu işsizlər böhranını aradan qaldırmağa xidmət edir”.

Sonra İBİ startaplarının - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcüməmərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb" veb dizayn studiyasının təqdimatı olub.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər