Ekoloji vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad edilmiş rayonlarda kompleks monitorinqlər aparılır və transsərhəd çaylara nəzarət edilir.
Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclasında bildirilib.
Zəngilan rayonunda yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunda qiymətləndirmə və bərpa işlərinin planlaşdırılması üçün Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərinin iştirakı ilə ərazidə monitorinqlər aparılır.
İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji vəziyyətin öyrənilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birgə plan-proqram hazırlanmış və sahəvi plana əlavə olunub.
Kəlbəcər rayonu ərazisində mövcud olan termal-mineral su yataqlarının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hidrokimyəvi monitorinq işləri aparılıb və monitorinq nəticələri işğaldan əvvəlki dövrün məlumatları nəzərə alınmaqla təhlil olunub.