27 Oktyabr 2014 17:06
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə səfərdə olan bir qrup xarici KİV nümayəndəsi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Böyük Britaniyanın «The Times», Türkiyənin «Hurriyet», «Sabah», Fransanın «L`Express», «D`Architecture», İtaliyanın «Ottagono», Rusiyanın «Architectural Digest» qəzet və jurnallarının təmsilçilərinə Azərbaycanın turizm imkanları, mədəniyyəti, mədəni irsi, Bakının və regionların tarixi barədə məlumat verilib.

Sevda Məmmədəliyeva Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə icra olunan proqramlar barədə də danışıb. «Azərbaycan-2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasını həyata keçirilməsi ilə bağlı dövlət başçısının 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş «Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı»nın əhəmiyyəti diqqətə çatdırılıb.

Ölkə üzrə 6 mindən çox tarixi-mədəniyyət abidəsinin qorunması istiqamətində tədbirlər ayrı-ayrı kateqoriyalar üzrə reallaşdırılır. Konvensiya çərçivəsində ölkəmizdə UNESCO-nun maddi irs siyahısına daxil olan Qobustan qoruğu, İçərişəhər, Qız qalası, Şirvanşahlar kompleksi barədə jurnalistlərə məlumat verilib.

Qonaqlar UNESCO-nun siyahısına daxil olmuş qeyri-maddi irs nümunələri barədə də məlumatlandırılıb.
Xarici media təmsilçilərinin yeni istifadəyə verilmiş Xalça Muzeyi barədə sualları cavablandırılıb. Qeyd olunub ki, Azərbaycanın xalça sənəti UNESCO-nun qeyri-maddi mədəni irsin reprezentativ siyahısında yer alıb.

Qonaqların diqqətinə çatdırılıb ki, bu istiqamətdə işlərin həyata keçirilməsi üçün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə xüsusi Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində bir sıra dövlət qurumları təmsil olunur.

Qeyd edək ki, xarici media nümayəndələri ölkəmizin bölgələrində də olub, regionların turizm potensialı ilə tanışlıq imkanı əldə ediblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər