16 Mart 2021 09:09
1 232
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Təqribən 1-2 il əvvəl türkiyəli tədqiqatçı, professor Mətin Ekicin "Kitabi-Dədə Qorqud" dastanının üçüncü nüsxəsinin tapılması haqqında elm aləminə bəyanat verdi. Türkiyənin digər hörmətli alimləri də bu bəyanata qoşuldular, qısa bir zaman ərzində Türkmənsəhra nüsxəsi, yaxud "Kitabi-Dədə Qorqud"un Gümbət əlyazması adı altında kitablar və tədqiqat əsərləri çap olundu. Həmin əlyazma İranda kitab həvəskarı olan Vəliməhəmməd Xoca tərəfindən tapılıb. Köhnə kitabları, əlyazma nüsxələrini alanda onun əlinə belə bir əlyazma keçib. Əlyazma ilə bağlı böyük bir səs-küy yarandı. Səs-küy əlyazmanın özündən çox onun ilk olaraq kimin tapması haqqında idi".

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy "Kitabi-Dədə Qorqud" dastanının yeni nüsxəsinin tapılması haqqında dolaşan söz-söhbəti şərh edərkən deyib.

Onun sözlərinə görə, yeni nüsxə ilə bağlı türk alimləri arasında polemika olub: “Əlyazmanı kim tapıb, birinci dəfə kim görüb, kim neçə saat əvvəl əlyazma ilə tanış olub, Vəli Məhəmməd Xoca kiminlə danışıb - bu kimi məqamlar mübahisə obyektinə çevrildi. Bu mübahisələrin gedişində aydın oldu ki, Vəliməhəmməd Xoca türk əsillidir, İranda yaşayan milliyətcə türkməndir.

O, kitabın əlyazmasını PDF halında həm Mətin Ekinciyə, həm Amerikada yaşayan professor Yusif Azmuna, həm də Türkiyədə oxuyan iranlı tələbələrə verib. Həmin iranlı tələbələr də milliyyətcə türkməndirlər, Türkiyədə oxuyurlar. Müxtəlif adamlara verilməsi nəticəsində kitabla bağlı qarışıq bir situasiya yarandı. Bu qarışıq vəziyyətdə əlyazmanın özü haqqında çoxlu qeyri-elmi, akademik elmin standartlarına uyğun gəlməyən fikirlər ortaya atıldı”.

Seyfəddin Rzasoy bildirib ki, mübahisələr ətrafında əlyazma ilə tanış olduqdan sonra məsələyə reaksiya vermək məcburiyyətində qalıblar: “İlk olaraq AMEA-nın Folklor İnstitutunun professoru Ramazan Qafarlı və mən sosial şəbəkə vasitəsilə təqribən 5 bənddən ibarət bəyanat verdik ki, yeni tapılmış əlyazma yazılı "Kitabi-Dədə Qorqud"un yeni nüsxəsi deyil. Bu, şifahi Dədə Qorqud ənənəsi ilə bağlı məlum çoxsaylı oğuznamələrdən biridir. Bundan sonra mübahisələr daha da qızışdı.

Nəhayət, Ramazan Qafarlı ilə mənim "Kitabi-Dədə Qorqudun üçüncü nüsxəsi, yoxsa "Kitabi-türkmən lisan" oğuznaməsi" adlı 50 səhifəlik əsərimiz çap olundu. Bu əsər kəskin polemika xarakteri daşıyır.

Türkiyəli qorqudşünas alim həmkarlarımızla açıq, kəskin bir polemikaya girdik. Məqaləmizdən sonra xüsusilə sosial şəbəkələrdə qopmuş tufan birdən-birə sakitləşdi. Çünki qəribə vəziyyət yaranmışdı. Yeni əlyazmanı yazılı "Kitabi-Dədə Qorqud"un üçüncü nüsxəsi elan edənlər bu tədqiqatlarını elmi müstəvidə davam etdirməkdən çox mövzunu sosial şəbəkələr vasitəsilə körüklüyürdülər. Hər alim özünə dəstə yaradırdı. Bu dəstələr sosial şəbəkələr vasitəsilə hətta bir-birini təhqir edirdilər.

Nəhayət, sosial şəbəkələrdə olan bu tufanı sakitləşdirdik. AMEA-nın Folklor İnstitutunda "Kitabi-türkmən lisani" oğuznaməsi haqda 472 səhifəlik monoqrafiyam çap olundu. Təqribən 3-4 gün əvvəl Mərmərə Universitetinin professoru Mehmet Atanın mənim bu kitabım haqqında "Motiv akademi" jurnalında böyük resenziyası çap olundu. O, kitabımda əks olunan məsələləri tamamilə qəbul etdi”.

Seyfəddin Rzasoyun sözlərinə görə, yeni tapılmış əlyazma çox qədim deyil, təxminən 18-19-cu əsrə aiddir: "Məlum olduğu kimi, “Kitabi-Dədə Qorqud"da cəmiyyət İç Oğuz və Dış Oğuzdan ibarətdir. Orada əcdadlar Uçoq bozoq adlanır. Bu yeni abidə isə Oğuzdan sonrakı türkman dövrünün məhsuludur. Bu abidədə uçoq bozoqun adı yoxdur. Abidədə məzmun, coğrafiya, təqdim olunan toponimlər tamamilə Azərbaycanla bağlıdır.

Mənim türkiyəli həmkarlarım əlyazmadan o qədər həyacana düşdülər ki, elmin əlifbası sayılan məqamları unutdular. Nüsxə ilə əyazmanı bir birinə qarışdırdılar. Nüsxə "kopiya", "surət" deməkdir. Yeni əlyazma heç bir halda nə məzmunu, nə də süjeti ilə "Kitabi-Dədə Qorqud"un nüsxəsi sayılmalı deyil. Əksinə, burada ya 24, ya da 27 soylama var. Burada Alp Ozan 40 şagirdə nəsihət verir. Onlara igidliyi, namuslu olmağı, vətəni necə qorumağı, torpağı necə sevməyi başa salır. Oğuz türkmənlərini tanıdır.

Burada Azərbaycanın regionlarının adı çəkilir. Sonda Salur Qazanın yeddi başlı əjdahanı öldürməsindən bəhs edən oğuznamə də yer alır. 60 səhifəlik əlyazmanın təqribən 48 səhifəsi şeirlərdir. Həmin şeirlərdən müxtəlif oğuznamələrdə var. Təbii ki, bu abidə Dədə Qorqud ənənəsi ilə bağlıdır”.

Müsahibimiz bildirir ki, türkiyəli alimlər araşdırma zamanı iki məqamı qarışdırıblar: “Dediyim kimi, İlk olaraq nüsxə ilə əlyazmanı fərqləndirə bilməyiblər. Heç bir əlyazma nə məzmunu, nə forması baxımından əlimizdə olan "Kitabi-Dədə Qorqud"un nüsxəsi deyil. Bu abidə şifahi Dədə Qorqud ənənəsi ilə bağlı müstəqil əsərdir. Oğuzlara aid əsərlərin hamısı Oğuznamə adlanır.

İkinci məqam isə bəzi alimlərin yazılı Kitabi-Dədə Qorqudla şifahi Kitabi-Dədə Qorqudu bir-biri ilə qarışdırmalardır. Şifahi Dədə Qorqud vaxtilə oğuz boyları olub. Ozanlar bunları məclislərdə ifa ediblər. Bunlar çox güman ki, təqribən 11-12-ci əsrdə qeydə alınıb.

Mövcud əlyazmalar isə tədqiqatçılar 16-cı əsrə aid edirlər. Bunları qətiyyən səhv salmaq olmaz. Şifahi "Dədə Qorqud" dastanı yoxdur, bizim əlimizdə deyil. Bizə qalan "Kitabi-Dədə Qorqud"un Drezden və Vatikan nüsxələridir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər