16 Mart 2021 23:39
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Medianın İnkişafı Agentliyinin (MEDİA) sədri Əhməd İsmayılov “Respublika” qəzetinin baş redaktoru Əhmədov Teymur Əkbər oğlunun vəfatı ilə əlaqədar nekroloq imzalayıb.

Teleqraf.com xəbər verir ki, nekroloqda deyilir:

"Azərbaycan media ictimaiyyətinə ağır itki üz verib. “Respublika” qəzetinin baş redaktoru, tanınmış alim, filologiya üzrə elmlər doktoru Teymur Əkbər oğlu Əhmədov 2021-ci il mart ayının 16-da ömrünün 90-cı ilində vəfat edib.

Teymur Əhmədov 25 dekabr 1930-cu ildə Şəmkir şəhərində anadan olub.

Ədəbiyyata böyük maraq göstərən Teymur Əhmədov Bakı Dövlət Universitetinin Filologiya fakültəsində, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

Görkəmli jurnalist 1965-1968-ci illərdə “Azərbaycan” jurnalı redaksiyasında şöbə müdiri, 1968-ci ildə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş elmi işçi, cənubi Azərbaycan ədəbiyyatı şöbəsində müdir müavini, 1988-ci ildən aparıcı elmi işçi olub.

1990-1991-ci illərdə “Vətən həsrəti”, 1992-1993-cü illərdə “Hikmət”, “Yeni fikir” qəzetlərinin baş redaktoru işləyib.

1995-ci ildən “Respublika” qəzetinin baş redaktoru, 1996-cı ildən Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri kimi çalışıb.

Teymur Əhmədovun Azərbaycan jurnalistikasının inkişafı sahəsində göstərdiyi xidmətlər və səmərəli əməyi yüksək dəyərləndirilərək Azərbaycan Ali Soveti Rəyasət heyətinin fəxri fərmanı, akademik Yusif Məmmədəliyev adına mükafat və medalla qiymətləndirilib, 1996-cı ildə “İlin layiqli ziyalısı” fəxri adına layiq görülmüş, Həsən bəy Zərdabi və Beynəlxalq Atatürk Mükafatları, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2002-ci ildə “Tərəqqi” medalı, 2020-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.

Tanınmış ziyalı, qayğıkeş və səmimi insan Teymur Əkbər oğlu Əhmədovun xatirəsi media ictimaiyyətinin və onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər