17 Mart 2021 19:27
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Vətən müharibəsində əldə edilən parlaq Qələbəmizdən sonra işğaldan azad edilən ərazilərə ardıcıl səfərləri çərçivəsində bərpa ilə bağlı qarşıya qoyduğu vəzifələr yeni regional inkişaf proqramlarının uğurla icrasından, xarabaya çevrilən yaşayış sahələrinin qısa müddətdə abad kənd və şəhərlərə çevriləcəyindən xəbər verir.

Bunu Teleqraf.com-a AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

Emin Bağırov bildirib ki, uzun illər davam edən işğal zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan xalqına məxsus daşınmaz tarix və mədəniyyət abidələri vəhşicəsinə dağıdılıb, onların bir qismi tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə olunub, çox hissəsinin isə izi belə saxlanılmayıb.

Prezident İlham Əliyev işğaldan azad edilən ərazilərə səfərləri zamanı mədəni irsə, o cümlədən xüsusi əhəmiyyətə malik unikal abidələrə düşmənin barbarcasına münasibətini görür, bunu haqlı olaraq dünya irsinə qarşı yönəlmiş təhdid kimi dəyərləndirir.

Erməni faşistlərindən təmizlənən əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirməyi qarşıya mühüm məqsəd kimi qoyan, bu istiqamətdə önəmli tədbirlər reallaşdıran dövlətimizin başçısının yorulmaz səyi işğaldan azad edilən torpaqlarımızın gülüstana dönəcəyinə, eləcə də Füzuli və Xocavənd rayonlarının da tezliklə bərpa olunacağına böyük əminlik yaradır.

Prezident İlham Əliyevin səfərini televiziya ilə izləyərkən işğal dövründə erməni vandalları tərəfindən Ağdamda, Füzulidə və digər ərazilərdə olduğu kimi, Xocavənddə, keçmiş Hadrut rayonunda böyük dağıntılar törədildiyinin, qədim yaşayış məskəni olan Tuğ kəndinin azərbaycanlılar yaşayan bütün evlərin yerlə-yeksan edildiyini gördük.

Düşmən, eyni zamanda, qədim yaşayış məskəni kimi tanınan Azıx mağarasını da dağıtmağa, burada qanunsuz tədqiqatın aparılmasına, tarixi saxtalaşdırmağa cəhd göstərib. Müzəffər Ali Baş Komandan İlham Əliyev ermənilərin bu barbar, vandal əməllərə görə layiqli cəzalarını alacaqlarını, dəymiş ziyanı ödəyəcəklərini vurğulayıb.

Emin Bağırov qeyd edib ki, 1960-cı ilin iyun-iyul aylarında görkəmli tədqiqatçı Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Qarabağın Quruçay və Köndələnçay vadilərində, habelə ona yaxın ərazilərdə kəşfiyyat işləri aparıb. Bu zaman Quruçayın sol sahilində Azıx və Tağlar düşərgələri qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun altı cildlik “Azərbaycan Arxeologiyası” nəşrinin I cildində qeyd edilir ki, alimlərin Azıx paleolit düşərgəsində apardıqları arxeoloji qazıntılar nəticəsində oradakı mədəni təbəqələrin 80 faizi tədqiq olunub.

Ona görə də həmin sahələrdə ermənilərin nəinki qazıntı, eyni zamanda, kəşfiyyat işləri aparmaları bəşəriyyətə qarşı ən böyük cinayət kimi qiymətləndirilməlidir. Ona görə ki, bəlkə 100 ildən sonra yeni elmi-tədqiqat metodu meydana çıxa və o zaman dünyanın ilk insan yaşayış məskənlərindən biri olan Azıx düşərgəsinin çöküntülərindən nümunə götürülüb istifadə oluna bilər. Bu baxımdan barbarların Azıx mağarasında qazıntı işləri aparması, əslində, cinayət əməlidir, bəşər sivilizasiyasına qarşı ən böyük vandallıqdır.
Bəli, ermənilər uzun illərdir ki, burada qanunsuz qazıntı işləri həyata keçiriblər.

Bu azmış kimi, 300-350 min il bundan əvvəl yaşamış Azərbaycan insanlarının izləri, alətləri və qədim heyvanların aşkar olunmuş sümükləri “ekspedisiyanın” sonunda Ermənistanın və Qərb ölkələrinin muzeylərinə göndərmişlər.

Azıx mağarası Azərbaycan xalqının əcdadlarının yaşadığı mağara olub və ölkəmizə, xalqımıza aid dəyərli maddi-mədəniyyət abidəsidir.

Ümumiyyətlə, ermənilər təkcə Azıx mağarasında deyil, işğal altında olan digər maddi-mədəniyyət irsimiz üzərində də belə barbar əməllər törədiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər