Vətən müharibəsində şəhid olmuş iki döyüşçü - Nadir Xəlilov və Cavid Sahratova məxsus əşyalar Azərbaycan Tarixi Muzeyinə təhvil verilib.
Bu barədə Astara Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Teleqraf.com-a məlumat verilib.
Qeyd edək ki, Nadir Xəlilov 1984-cü ildə Astara rayonunun Artuna kəndində anadan olub. 2005-ci ildən başlayaraq gizir rütbəsi ilə tank komandiri vəzifəsində xidmət edib.
“Qüsursuz xidmətə görə” III dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalları ilə təltif edilib. O, Vətən müharibəsində qəhrəmancasına döyüşüb, sentyabrın 30-da şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid Cavid Sahratov 1981-ci ildə Yardımlı rayonunun Əsədabad kəndində anadan olub. 2016-cı ilin Aprel döyüşlərində və Vətən müharibəsində Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 9-da şəhid olub.
C.Sahratov 8 orden-medal və 9 fəxri fərmanla təltif edilib.