Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosu "SKAL BAKI" təşkilatının toplantısında iştrirak edib.
Teleqraf.com xəbər verir ki, " Turizm fəaliyyəti ilə məşğul olan təşkilatlar, hotellər, Azərbaycanın biznes turizmi sahəsində çalışan müxtəlif şirkət və firmalar iclasda bir araya gəlib.
Tədbirdə açılış nitqi ilə çıxış edən, "SKAL BAKI" klubunun prezidenti, Azərbaycan Turizm İnstitununun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təşkilatın keçən dövr ərzindəki fəaliyyəti və görüləcək işlər barədə danışıb.
Azərbaycan Konqreslər Bürosunun icraçı direktoru Florian Senqstşmid isə tədbirdə çıxışı zamanı dünyada və Azərbaycanda turizm sahəsinin dinamik inkişaf göstəriciləri barədə danışıb.
Cənab Senqstşmid turizm sahəsində çalışan şirkət və təşkilatların alıcılara təklif etdiyi xidmət, təklif və proqramların hazırlanması zamanı diqqət yetirməli olduqları əsas məqamlar və eləcə də turizm sahəsindəki yeniliklər barədə danışıb. Çıxış tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosunun fəaliyyətinə Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, ölkəmizi beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim olunması və digər bu kimi biznes əhəmiyyətli işlər daxildir.
Büronun əsas hədəflərindən biri də yüksək peşəkarlığı və rəqabətə davamlılığı ilə seçilən Azərbaycan Görüşlər İttifaqı (Azerbaijan Meeting Alliance) yaratmaq və inkişaf etdirməkdir.
İLHAMƏ