“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən “Dövlət sərhədinin pozulması hallarının qarşısının alınması üzrə Naxçıvan Qarnizonu Qoşunlarının birgə fəaliyyəti” mövzusunda birgə taktiki təlim məşqi keçirilib.
Müdafiə Nazirliyindın Teleqraf.com-a verilən məlumata görə, təlim məşqinin ssenarisinə əsasən sərhəd pozucuları dövlət sərhədini pozaraq qeyri-qanuni şəkildə Naxçıvan Muxtar Respublikasının ərazisinə keçməyə cəhd edirlər. Dövlət sərhədinin pozulması halı aşkar edildikdən sonra sərhədin mühafizəsi gücləndirilməklə aidiyyəti qurumların müvafiq bölmələri xəbərdar edilir.
Sərhəd naryadından daxil olmuş siqnala əsasən şəxsi heyət “Silaha” komandası ilə qalxır, “Həyəcan qrupu” sərhəd naryadları hadisə baş vermiş əraziyə hərəkət edir.
Axtarış rayonunda dövlət sərhədinin pozulduğu istiqamətdə sərhəd pozucularının dərinliyə sızmasına imkan verməmək məqsədilə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının bağlama qrupları ilə birgə Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrindən və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsindən ayrılmış qruplar da cəlb edilməklə təyin olunmuş hüdudlar boyu ərazi bağlanır.
Əməliyyat-axtarış tədbirlərinin daha effektli həyata keçirilməsi üçün əməliyyat rayonunda birgə qərargah yaradılır. Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının axtarış qrupları ilə əməliyyat rayonunda sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədilə xüsusi texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sərhəd axtarışı tədbirləri keçirilir.
Aparılmış uğurlu axtarış əməliyyatları nəticəsində dronların müşahidəsi ilə aşkar olunmuş sərhəd pozucuları müxtəlif istiqamətlərdə mühasirəyə alınaraq yaxalanır.
Yaxalanmış sərhəd pozucuları aidiyyəti orqanlara təhvil verildikdən sonra sərhəd axtarışı ərazisində fəaliyyət dayandırılaraq rejimə qoyulmuş məhdudiyyətlər aradan qaldırılır.
Əlahiddə Ümumqoşun Ordunun, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, yerli hüquq-mühafizə və icra orqanlarının, həmin ərazidə yaşayan vətəndaşların birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.