31 Mart 2021 22:54
424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, öncə 31 Mart soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin, o cümlədən Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Akademiya rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov 31 mart soyqırımının Azərbaycan tarixində ən böyük faciə və qara səhifələrdən biri olduğunu deyib. O, Azərbaycan tarixindəki faciələrin, xalqımıza qarşı həyata keçirilən genosidin uzun zaman xalqın yaddaşından çıxarılmağa çalışıldığını təəssüflə qeyd edərək, 31 mart tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması ilə bağlı 80 il sonra - 1998-ci il martın 26-da xalqımızın Ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verildiyini və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini deyib.

Bu soyqırım haqda həqiqətlərin araşdırılması, beynəlxalq aləmə çatdırılması ilə bağlı görülən işlərə nəzər salan Akademiya rəisi bunun mənəvi borc olduğunu deyib. O, Quba rayonunda tapılmış azərbaycanlıların kütləvi məzarlığının ermənilərin xalqımıza qarşı törətdiyi qırğınların, vandalizm aktlarının ən dəhşətli sübutlarından biri olduğunu deyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamından bəhs edərək, xalqımıza qarşı həyata keçirilmiş tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi, bu vandalizm aktlarının beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması üçün gənclərin fəal olmalarını və bütün vasitələrdən istifadə edərək soyqırımını dünya ictimaiyyətinə çatdırmalarını tövsiyə edib.

Qulu Novruzov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun igid, cəsur döyüşkən əsgərlərinin minlərlə qəhrəmanlıq salnaməsi yazdığını qeyd edib. O, vurğulayıb ki, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti ilə formalaşan milli birlik nəticəsində Azərbaycan Ordusu öz missiyasını yerinə yetirib.

Akademiyanın müəllimi, tarix üzrə fəlsəfə doktoru Samir Həsənov mart soyqırımının tarixinə nəzər salaraq, əslində Qafqaza gəlmə olan ermənilərin xalqımızın başına gətirdikləri belə faciələrin çox olduğunu deyib. Azərbaycan tarixinə ekskurs edən tarixçi alim əsrlər boyu xalqımızın başına gətirilən qanlı hadisələrdən söz açıb. 1917-1918-ci illərdə baş vermiş ictimai-siyasi hadisələrin fonunda tarixi analiz edərək, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarının zaman-zaman baş verdiyini, 1918-ci il 31 mart - 4 apreldə bu qırğınların daha da şiddətləndiyini, ermənilərin rus-bolşeviklərinin köməyi ilə Bakıda, Şamaxıda, Zəngəzurda, Naxçıvanda, Qarabağda, Qubada, Xaçmazda və digər bir çox yerlərdə azərbaycanlılara qarşı ağlasığmaz vəhşiliklərə əl atdıqlarını vurğulayıb. Azərbaycanın tarixində 44 günlük Vətən müharibəsinin zəfərlə başa çatdığını deyən natiq Azərbaycanın igid övladlarının şanlı tarix yazdıqlarını, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etdiyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər