1 Aprel 2021 10:48
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Tərəflər Şurası və Direktorlar Şurasının videokonfrans formatında keçirilən birgə sessiyasında iştirak edib.

Bu barədə Teleqraf.com-a QMİ-nin Mətbuat xidmətindən bildirilib.

Birgə sessiyada KAİCİİD Təşkilatının baş katibi Feysal bin Müəmmar, Direktorlar şurasının üzvləri və Mərkəzin təsisçi dövlətlərini təmsil edən Tərəflər şurasının üzvləri - Səudiyyə Ərəbistanı Krallığının Avsriya Respublikasındakı Səfiri Şahzadə Əlahəzrət Abdullah bin Xalid bin Sultan bin Əbdüləziz Al Səud, Avstriyanın Avropa və Beynəlxalq məsələlər üzrə Federal Nazirliyinin siyasi direktoru cənab Səfir Qreqor Kössler, İspaniya Krallığının Avstriya Respublikasındakı Səfirinin müavini cənab Migel Alonso Berrio və Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso iştirak etdilər.

Şeyxülislam A.Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuel, Shanti Ashram təşkilatının direktoru dr. Kezevino Aram, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti Koşo Nivano, Beynəlxalq Mərkəzin Baş Katibinin müavini Alvaro Albacete, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen birgə sessiyada iştirak etdilər.

Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemi ilə bağlı, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparıldı. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, həmçinin, təşkilatın inkişaf perspektivləri, genişlənmə prosesi çərçivəsində yeni üzv dövlətlərin qəbulu, təşkilati məsələlər və s. daxil idi. Beynəlxalq Mərkəzin qərargahının yeni ünvanı məsələsi də müzakirə edilib. Bildirilib ki, bir neçə Avropa ölkəsi öz namizədliyini verib. Namizəd dövlətlər arasında Portuqaliyanın adı xüsusi qeyd olundu və qərara gəlindi ki, yaxın günlərdə seçimin nəticələrinə dair rəsmi açıqlama veriləcək.

Həmçinin, Beynəlxalq Mərkəzin Tərəflər şurasının sıralarının genişlənməsi də gündəmdə oldu. Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir. Hazırda Tərəflər Şurasının üzvləri məhz bu təsisçi dövlətlərdir.

Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə yekdilliklə yenidən növbəti 4 il üçün Direktorlar Şurasının üzvü seçilib.

Şeyxülislam Allahşükür Paşazadə videosessiyada Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını və xeyir-dualarını iştirakçıların diqqətinə çatdırdı. Direktorlar Şurasının üzvü kimi A.Paşazadə pandemiya şəraitinə baxmayaraq KAİCİİD təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğuladı və Azərbaycanda bu istiqamətdə görülən işlərdən bəhs etdi. Birgə sessiya iştirakçıları tərəfindən Azərbaycan dövlətinin dünyada dinlərarası dialoq və əməkdaşlığa verdiyi töhfələr qeyd olundu. Onlayn sessiya məhsuldar keçib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər