Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilyant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə Teleqraf.com DGK-ya istinadən xəbər verir.
Belə ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib. Daha sonra vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanda olan "Tiffany Glucose" peçenye paketlərinin içərisində, ümumilikdə 10 ədəd sellofan bükümdə müxtəlif ölçülü 441 qram brilyant qaşlar aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 2 171 karat, orta qiyməti, təxminən 224 min manat təşkil edir.
Faktla bağlı araşdırma aparılır.