Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fondunun yaradılması həm dövlət siyasətinin tərkib hissəsi, həm də ictimai sifarişidi. Bu da səbəbsiz deyil. Çünki ölkə prezidenti cənab İlham Əliyev işğal altındakı torpaqların azad olunmasını dövlətimizin siyasətinin əsas prioriteti kimi müəyyən etmişdi. Bu məqsəd naminə son illər böyük işlər görüldü. Nəticədə Vətən Müharibəsinin gedişatında Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuz tarixi missiyasını həyata keçirdi.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, tarixi zəfərin əldə edilməsinə hər bir soydaşımız öz töhfəsini vermək istəyib və ümumi işin nəticəsində zəfər əldə edilib: “Qeyd etdiyim kimi Qarabağ Dirçəliş Fondunun yaradılması ictimai sifariş idi. Hər bir Azərbaycan vətəndaşı fonda ianə ayırmaq istəyib. Torpaqların işğaldan azad olunması zamanı şəhidlər də vermişik. Bizim müharibə veteranlarımız da var.
Onlara dəstək olmaq, dövlət qayğısı hər zaman ən yüksək səviyyədədir. Ölkə prezidentinin sosial yönümlü siyasətinin mərkəzində əsasən belə həssas kateqoriyadan olan insanlar dayanır.
Bu nöqteyi-nəzərdən "YAŞAT" Fondunun yaradılmasıçox böyük əhəmiyyətli hadisədir. Bu fonda soydaşlarımız ianə ayırırlar. Özləri üçün mənən təsəlli tapırlar ki, yaralı əsgərimizin sağalmasına, yenidən həyata qayıtmasına kiçik də olsa töhvə verirlər. Bu baxımdan "YAŞAT" Fondu önəmli missiya həyata keçirir”.
Millət vəkili bildirib ki, müharibə əlillərinin yenidən normal həyata qayıdışı, onların protezlərlə təmin edilməsi, lazım gələrsə qonşu Türkiyəyə müalicəyə göndərilməsi fondun maliyyə dəstəyi ilə reallaşır: “Bu baxımdan fondun mövcudluğu bir zərurətdir. Biz müharibədən çıxmış dövlətik. Müharibədən çıxan dövlətin analoji problemlər yaşaması bəllidir. Hər vətəndaş bu ümumilli məsələdə öz töhvəsini vermək istəyir.
Qarabağ Dirçəliş Fondu və "YAŞAT" Fondunun yaradılması zərurətdən doğmuş hadisədir. Bu gün hər kəs öz imkanı daxilində bu fonda dəstək verir. Nəticədə nə qədər insanın yenidən sağlam həyata qayıdışı təmin edilir. Növbəti hədəf işğaldan azad olunmuş ərazilərin yenidən qurulması ilə bağlı siyasətdir. O istiqamətdə də dövlət mühüm addımlar atmaqdadır”.