8 Aprel 2021 18:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli QHT Forumunun (MQF) təşkilatçılığı ilə aprelin 7-də qurumun İctimai Nəzarətin Koordinasiya Şurasının ilk toplantısı keçirilib.

Forumdan Teleraf.com-a bildiriblər ki, tədbirdə MQF İctimai Nəzarətin Koordinasiya Şurasının Əsasnaməsinin təsdiqi, təşkilati məsələlər və ölkədə ictimai nəzarətin təmin olunması məsələləri müzakirə edilib.

Əvvəlcə MQF-nin prezidenti Rauf Zeyni gündəlikdəki əsas məsələləri Koordinasiya Şurasının üzvlərinin diqqətinə çatdırıb. MQF İctimai Nəzarətin Koordinasiya Şurasının əsas məqsədi vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsindən, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsindən, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkilindən, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasından, dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasından, əsas insan və vətəndaş hüquqlarının müdafiəsindən ibarətdir.

İştirakçılar Əsasnaməni müzakirə edərək əlavə olunması üçün təkliflər irəli sürüblər. Əsasnamə səsə qoyulub, əlavə və dəyişikliklər nəzərə alınmaqla qəbul edilib.

Sonra MQF İctimai Nəzarətin Koordinasiya Şurasının üzvləri arasından 15 nəfərdən ibarət İdarə Heyətinə namizədlər irəli sürülüb. Belə ki, Rauf Zeyni, Fikrət Yusifov, Aydəm İsmayılov, Asif Əsgərli, Qorxmaz İbrahimli, Umud Mirzəyev, İradə Rizazadə, İlham İsmayılov, Eyyub Hüseynov, Səadət Bənənyarlı, Novella Cəfəroğlu, Səidə Qocamanlı, Əhməd Abbasbəyli, Aydın Kərimov və Əhməd Qəşəmoğlu İdarə Heyətinin üzvləri seçiliblər.

Koordinasiya Şurasının digər təşkilati məsələləri və ictimai nəzarətin təmin olunması müzakirə edilib. İştirakçılardan Eyyub Hüseynov, Novella Cəfəroğlu, Əhməd Qəşəmoğlu, Fikrət Yusifov, Əhməd Abasbəyli, Məhəmməd Vəliyev, Qorxmaz İbrahimli, Səadət Bənənyarlı, Akif Kərimov, Səidə Qocamanlı, Umud Mirzəyev, İlham İsmayılov, Asif Əsgərli, Ruslan Atakişiyev, Gülnarə Hüseynova, Əbülfəz Babazadə, Şahin Rəcəb, Aydın Xan Əbilov, Mehdi Mehdiyev, Davud Rəhimli, Mirata Ağayev, Samirə Mustafayeva, Çingiz Bayramov, İbrahim İbrahimov və Ramil Əliyev müzakirədə çıxış edərək, təklif və fikirlərini bildiriblər.

Daha sonra MQF Hüquq Mərkəzinin direktoru, Vəkillər Kollegiyasının üzvü Rövşən Nəbiyev Əsasnamə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Sonda MQF İctimai Nəzarətin Koordinasiya Şurasının İdarə Heyətinin toplantısının ən yaxın zamanda keçirilməsi qərara alınıb.

Yekunda Rauf Zeyni qeyd edib ki, dövlətimizin və cəmiyyətimizin inkişafı naminə yaradılan bu Koordinasiya Şurası MQF tərəfindən irəli sürülən ciddi təşəbbüsdür. Forum ən böyük ictimai koalisiya və təcrübəli, peşəkar komanda olaraq ictimai nəzarətin təmin və koordinasiya olunması vəzifəsini geniş miqyasda yerinə yetirməyə çalışacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər