Hər il olduğu kimi bu il də mübarək Ramazan ayı gəlir. Ramazan ayı insanların əsasən sağlamlığı üçün çox mühüm ayinləri özündə ehtiva edir. İnsanlar bu ayda oruc tuturlar. Əgər oruc səhhətinizə ziyan edərsə, tutmaq vacib olmaz.
Bunu Teleqraf.com-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Ağasəid Yaqubov deyib.
Onun sözlərinə görə, Ramazan ayında insanların bir yerə toplaşaraq özlərini təhlükəyə atmasına, xəstəliyə yol açmasına icazə vermək təhlükəlidir:
"Əgər bir yerdə təhlükə varsa, ehtiyatlı olmaq lazımdır. Çünki orada sağlamlıqdan, insan səhhətindən söhbət gedir. Oruc tutmaq vacibdir, lakin toplaşıb kütləvi şəkildə iftar etməyin vacibliyi yoxdur. Yanlız yaxşı, xeyir əməldir ki, insan paylaşaraq iftar etsin, ehsan etsinlər. Peyğəmbər buyurur ki, insana bir xurma belə versəniz, o sizin üçün ehsandır. Bu o demək deyil ki, insanlar bunu toplaşaraq etsinlər. Deyə bilərəm ki, insanlar iftarı öz ailələri ilə birlikdə etsələr, daha xoş keçər. Əgər kimlərəsə xas ehsan etmək istəyirlərsə, onu paket şəklində və ya maddi yardım olaraq insanların evlərinə çatdırsınlar. Ən yaxşı ehsan xeyirxah iş, paylaşmaq bu olacaq. Burada insanlar həm də xəstəlikdən təcrid olunacaqlar. Təhlükə mənbəyi niyə olmalıyıq? Allah bizdən xeyir əməl istəyir, xeyir əməl üçün addım atmalıyıq. Əgər toplaşmamaq, evdə qeyd etmək xeyir olarsa, bu xeyirdən yapışaq. Toplaşıb xəstəliyi yayacağıqsa, burada xeyirdən söz gedə bilməz. İnsanlara tövsiyəm odur ki, rasionallıq nümayiş etdirək, düşünərək addım ataq, Allah düşüncə sahiblərini dəyərləndirir. İnsanlara buyurur ki, düşünün, ağılla hərəkət edin. Məsələ göz önündədir. Biz birlikdə güclüyük, birlikdə çalışmalıq ki, qoyulan qaydalara əməl edək".