Naxçıvan Özəl Universitetində ENOTES TEMPUS proqramı çərçivəsində Avropa Kompüter İstifadəçi Sertifikatı layihəsi ilə bağlı tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə qeyd edilib ki, “ECDL” (European Computer Driving Lisence) kompüter biliklərini ölçən beynəlxalq sertifikat layihəsidir. TEMPUS proqramı tərəfindən maliyyələşdirilən layihənin əsas məqsədi “ECDL” milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir.
Bildirilib ki, layihə vasitəsilə ölkənin ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) bacarıqlarının inkişaf etdirilməsi və bununla milli təhsil sisteminin təkmilləşdirilməsi, İKT biliklərində beynəlxalq standartların tətbiqi qarşıya məqsəd qoyulub.
ENOTES layihəsi üç il ərzində ölkənin müxtəlif bölgələrindəki ali təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarından istifadə edərək müasir təlim metodları ilə tədris aparılmasını, müasir metodlardan istifadə etməklə tədqiqatlara dəstək verməyi nəzərdə tutur.
İLHAMƏ