13 Aprel 2021 09:14
2 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Cizgi” brendinin yaradıcısı, modelyer-dizayner Gülnarə Xəlilova Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik.

- Gülnarə xanım, pandemiya moda aləminə necə təsir göstərdi? Bu sahədə hansı dəyişikliklər baş verdi?

- Moda aləminə böyük zərbə dəydi. Maskadan başqa heç bir maraqlı yenilik olmadı. Adətən xarici ölkələrə gedəndə, əsasən də Yapiniyada, Çində, Hindistanda, Tailandda və sair ölkələrdə tez-tez maskalı insanlarla rastlaşırdım. Mən hiss etməmişəm, amma əksər insanlar bu ölkələrin havasında qəribə bir qoxu olduğunu söyləyirlər.

Bilirəm, dəbə düşsə belə, maskanı daşımaq çətindir. Doğrudur, müəyyən şəraitdə rahatlıq gətirən tərəfləri də var. Amma maska ilə ömrümüzü keçirə bilmərik, bu o qədər də yaxşı deyil. Hələ pandemiyadan 2 il əvvəl dizaynerlər modelləri podiuma maska ilə çıxarırdılar. Bu, bir xəbərdarlıq idi. Pandemiya başladığı gündən hazırladığım hər geyimə dəst maska da hazırladım.

Pandemiya bizim ölkədə özünü daha ağır büruzə verdi. Məlum olduğu kimi, ümumi həyat tərzimizin toy bazarından asılılığı çoxdur. Bu, böyük bir zəncirdir, həmin zəncir qırılıb. Zəncirin qırılması bir çox sənət insanlarına - müğənnilərdən tutmuş mühafızəçilərə, taksı sürücülərinə qədər çox böyük ziyan vurdu.

- Maskanın dəb olmasından danışdınız. Bəzi insanlar fikirləşdilər ki, maska qış fəslində bizim üçün şərfi əvəz edə bilər. Necə düşünürsünüz, qış fəslində maskanı trend halına gətirə bilərikmi?

- Mən ümumiyyətlə nəfəsimi bağlamağı xoşlamıram. Həmişə rahat nəfəs almağı sevirəm. Bəli, maska soyuğun qarşısını alır. Amma mən bir dizayner kimi buna “yox” deyirəm. Azərbaycanda maskaları ilk hazırlayan dizayner mən oldum. Digər ölkə brendləri də maska hazırladılar, amma onu parçadan etmədilər. Mən isə maska təlatümünü görəndə geyim üçün gətirtdiyim 3 top orqanik, 100 faiz kətan və ipək parçalardan maskalar hazırlatdım. Bu maskaları imkansız ailələr, xəstə uşaqlar üçün xeyriyyə məqsədilə payladıq.

Sonra bir yenilik etdim, kəlağayıdan maska hazirladıq. Kəlağayıdan, bizim ənənəmizə, tariximizə xas olan elementdən maska hazırlamağım çox böyük alqışla qarşılandı.

- Pandemiya sizin fəaliyyətinizə necə təsir göstərdi?

- Düşünmürəm ki, pandemiya bizə hansısa nailiyyət və ya uğur gətirdi. Yalnız ziyandan danışa bilərik. Doğrudur, ötən bir il ərzində az nailiyyətlərim olmadı. Çünki mən yaradıcı insanam, müxtəlif kolleksiyalarım var. Bu gün dizaynerlər kolleksiyaları hazırlayıb satdıqdan sonra əllərində nəsə qalmır. Mənim isə ofisim kolleksiyalarımla doludur, mən onları heç vaxt satmıram. Çünki kolleksiyalarım özündə milli-mənəvi dəyərləri, vətən ruhunu daşlyır. Və onlar mənim üçün və beynəlxalq arenada hər zaman gündəmdə olan aktual mövzudur.

Bir çox moda həftələrinə dəvətlərim olur və bu həftələrə onlayn qatılıram. Bir sıra beynəlxalq moda həftələrinin Azərbaycan təmsilçisiyəm.

Bu müddətdə mənim uzun zaman arzusunda olduğum, amma hələ də vaxt tapmadığım brendi yaratdım. Bir neçə aydır "Cizgi" brendim çox uğurla fəaliyyətə başlayıb. Onun ilk çıxışı 25.02.2021-ci il tarixində Amerikanın çox mötəbər platformadında "İnternational Digital Fashion Week" moda həftəsində baş tutdu. Və bu kolleksiya 6 ay boyunca dünyanın cox məşhur brendləri ilə bir arada Los Ancelosda yerləşən FNL Netvork kanalında yayımda olacaq. Bu mənim bu platformada 2-ci çıxışımdır. Həm də bu moda həftəsinin Azərbaycan direktoruyam.

"Cizgi" burada ilk dəfə yüksək dünya brendləri ilə yanaşı dayandı. Məncə, yeni addımlayan bir brend ücün cox böyük uğurdur. Bu, tarixə birinci onlayn moda həftəsi kimi düşdü. Digər bir çox moda həftələri onlayna keçmək məcburiyyətində qaldı. Məhz bu moda həftəsi Amerikanın FNL Network kanalının məşhur moda və sənət kanalının prezidenti Rocco Leo Gaglioti tərəfindən yaradıldı və tarixə düşdü. İlk moda həftəsinə 100-dən çox ölkə qatıldı.

Mən Azərbaycanı hələ 2015-ci ildə yaratdığım, Cində, Londonda, İrkutskda, Baykalda nümayış etdirdiyim "Qarabağ" kolleksiyamla təmsil etdim. Bu kanal Los-Anceles şəhərində fəaliyyət göstərir. Bu, mənim tərəfimdən ötən ilin yayında bədxah qonşularımızın davranışlarına cox gözəl bir cavab idi. "Qarabağ" kolleksiyası 6 ay o kanalın platformasında nümayış edildi. Dünyanın 77 milyon izləyicisi bu kolleksiyanı izlədi. Bir dizayner ücün bundan gözəl nə ola bilər ki....

- "Qarabağ" kolleksiyasına reaksiyalar necə oldu?

- Hər zaman möhtəşəm... Ümumiyyətlə, yaratdığim kolleksiyalara hər zaman diqqət və maraq gördüm. Mənim kolleksiyalarım özündə Azərbaycanın maddi-mənəvi dəyərlərini əks etdirir. ”İlham”, ”İlmələrin sehri”, “Qarabağ”, “Xalcaların dili”, “Turan”, “Novruz”, “Gəncliyin səsi” və sair kimi kolleksiyalar məhz bu qəbildən olan nümunələrdir.

- Pandemiya dövründə onlayn alış-veriş trendə çevrildi. Siz bu müddətdə hazırladığınız modellərin onlayn satışını həyata keçirdinizmi?

- Bizim "Cizgi" brendi hal-hazırda onlayn satışdadır. Şəxsən mən özüm onlayn alış-verişi sevməmişəm. Çünki məhsulu yaxından görmək, hiss etmək, geyinib baxmaq istəyirəm. Toxunmadığım nəyisə almağı heç zaman xoşlamamışam və onlayn şəkildə heç vaxt geyim almamışam.

Onlayn alış-verişdə geyimin orijinallığı məlum olmur. Ölkə daxilində onlayn alış-veriş etmək problem yaratmır, çünki kuryer aparır, baxır, müştəri bəyənmədisə, geri qaytarmaq imkanı var.

Lakin öz işimdə mükəmməl olmağı çox sevdiyim üçün alıcılarımıza məhsullarımızın keyfiyyətli olmasının tam təminatını verirəm.

Mən özümə əmin insanam, gördüyüm iş çox keyfiyyətlidir. Özümə rəva bilmədiyim heç nəyi başqa insana rəva bilmərəm. Ona görə əminəm ki, hazırladığım məhsullar bəyənilir və bəyəniləcək.

- Vətən müharibəsi dövründə fəaliyyətiniz xeyli diqqət çəkdi. Xarıbülbül simvolu elan olunduqdan dərhal sonra sizin kolleksiyanızda əksini tapdı...

- Məndən əvvəl 2 dizayner bu mövzuya toxunmuşdu. Düşünürdüm ki, onlar həqiqətən xarıbülbül simvolunu hazırlayıblar. Amma çox məyus oldum. Bir çox insanların bu günə qədər tamamilə başqa bir gülü - ördək gülünü vəsf etdiyinin şahidi oldum. Çox təəssüf edirəm ki, bu, hələ də davam edir. Ördək gülü “Koliyandr” adlanan, Avstraliyanın cənubunda bitən orxideya çiçəyinin bir növüdür, bu gün də tanınmış ziyalılar, millət vəkilləri arasında sinəsində ördək gülünü Qarabağ simvolu kimi gəzdirənlərin olması məni məyus edir.

Xarıbülbülün "Cizgi" brendinə məxsus öz ikonunu da yaratdım. Mən başqalarının işlərini təkrarlamağı sevmirəm.

Hər şeyin özüməməxsus olmasını və düzgün şəkildə təqdim edilməsini xoşlayıram. "Cizgi" brendinin “Xarıbülbül” kolleksiyası da böyük maraq doğurdu.

- Alıcı marağı necə oldu?

- Xarıbülbül mövzusuna maraq böyükdür. İpəkdən hazırlanan örpəklərə, maskalara çox böyük maraq müşahidə etdik. Keyfiyyət, düzgün, səliqəli iş mənim üçün çox önəmlidir.

- Gülnarə xanım, 2021-ci ilin dəbi necə olacaq? Pandemiya davam edir. Onun təsirləri qalacaqmı?

- Bu gün “dəbdə nə olacaq” mövzusu məni qıcıqlandırır. Çünki geyimlərdən rahatlıqla istifadə edə bilmirik. Toylar, tədbirlər yoxdur.

Özüm gündəlik geyimdə idman üslubundan cox istifafə edirəm. Hazırda özəl kolleksiyamı hazırlayıram. Gündəlik, amma özünə məxsus üsulubu üstün tuturam. Hazırda idman üslubunun daha özünəməxsus, şıq modellərinin üzərində işləyirəm.

Bu gün dəbdə, gündəmdə olan geyim formalarından biri "şaket" adlanır. Onlar damalı parçalardan hazırlanmış gödəkcə, palto, pencək formasındadır. Gündəlikdə çox rahat istifadə olunan isti geyimdir və maraqlı görünür.

Mənə görə bütün rənglər aktualdır. Pandemiya səbəbilə önə çıxan rəng qaradır. İnsanların əhval-ruhiyyəsi aşağı olanda qara rəngə bürünür. O səbəblə qara rəng bu ilin trendi sayıla bilər.

Bu il əlvan rənglərdən qaçırıq. Çünki öküz bürcü əlvan rəngləri sevmir. Mən özüm qara, ağ, qırmızı, göy, narıncı, bişmiş kərpic rəngi kimi sevdiyim rənglərdən hər zaman istifadə edirəm. Kolleksiyalarımda rəng trendi yoxdur. Trendi mən yaradıram, kiminsə rənglərini nəzərə alıb kolleksiyalar hazırlamıram.

Düşünürəm ki, hər üslubun, hər kolleksiyanın öz rəng çalarları var. Dizaynerlərin kolleksiyalarında hansısa rəngin ortaya çıxdığını görürük. Diqqətlə izlədiyimiz zaman məlum olur ki, bütün rənglər gündəmdədir.

- Dəb aləminin daim inkişafına şahid oluruq. İndiki zamanda moda dünyasını dəyərləndirməyinizi istərdik...

- Bu gün moda dünyasında kifayət qədər gözəl işlər təqdim edən dizaynerlər var. Əlbəttə, “bu dəbdir” deyə moda gündəminə gəlib maraqsız kolleksiyalar hazırlayan dizaynerlər də az deyil.

Burada işə peşəkar münasibətin nə dərəcədə olmasından söhbət gedir.

- Dövr dəyişdikcə bu sahəyə yeni modelyerlər gəlir. Gülnarə Xəlilovanın digər modelyerlərdən fərqi nədir?

- Gülnarə Xəlilovanın digərlərindən fərqi həmişə özünəməxsus olması, heç kimdən ideya götürməməsidir. Hətta bu gün səhifəmə baxsanız, görəcəksiniz ki, heç bir məşhur brendi izləmirəm. İzlədiyim bir cox brendlərlə dostluq əlaqələrimiz var.

Ümumiyyətlə, nə kolleksiyalarını izləyir, nə moda jurnallarına, podiuma çıxardıqları geyim tərzlərinə baxıram. Çünki baxanda görürəm ki, o geyimlərin əksəriyyətini bu gün arxivimdən çıxara bilərəm, onları 10-15 il əvvəl hazırlamışam. Dizaynerlər Allah tərəfindən verılən xüsusi istedada malıkdirlər. Buna rağmən hər bir işdə əməyin, zəhmətin, sənətə sevginin qarşılığında yüksəlir, işini göstərir və ucalırsan. Hər zaman irəlini görməyi bacarmışam.

Dünyada modaya ilk toxunma kolleksiya ilə gələn dizaynerəm. Ümumiyyətlə bir çox ilklərə imza atmışam. Çünki ilk başladığım ildə bütün kolleksiyam toxuma əl işlərinfən ibarət idi. “İlham” və ”İlmələrin sehri” kolleksiyslarım bunun bariz nümunəsidir.

Yaradıcılığımda bu günə qədər işləmədiyim üslub yoxdur. Hesab edirəm ki, yaradıcı insan hər şeyi bilməli və hər üslubda işləməyi bacarmalıdır. "Bacarmıram" sözü mənə yaxın deyil, onunla dostluq etmirəm...

- Gülnarə xanım, qeyd etdiyiniz kimi kolleksiyalarınız müxtəlifdir. Hazırladığınız kolleksiyaların xüsusi hədəf kütləsi varmı?

- Mən heç vaxt hədəf kütləsinə işləmədim, vətənpərvərlik ruhunu başda tutdum. Bəli, çalışdığım bir çox tanınmış simalar, sənət insanları var idi, onlar üçün hazırladığım geyimlər dünyanı gəzirdi. Geyindiyim ziyafət, gündəlik libaslar hər zaman özümə məxsus olub. Lakin kolleksiyaları vətənpərvər ruhda hazırladım. Hətta ilk başladığım toxunma kolleksiyalarımda da metalı xatırladan, zireh görüntüsünü, döyüşcü qadın ruhunu göstərən geyimlərlə, aksessuarlarla zəngindir. Papaqlar, kəmərlər, qolbəndlər, sinə sancaqları... O kolleksiyada çox maraqlı işlər var.

Bizə ailədə vətəni sevməyi aşıladılar. Mən Azərbaycanımı sevə-sevə o kolleksiyalarımla ölkəmi təmsil etdim. İlk dəfə geyimdə xalça mövzusunu işlədım. 2016-cı ildə “Xalçaların dili” kolleksiyam iki beynəlxalq mükafat aldı. Daha sonra "Turan", "Novruz", "Gəncliyin səsi" kolleksiyalarımı yaratdım. Hamısında milli ruha bağlılıq var.

2019-cu ildə "İpək sərvət" kolleksiyam yarandı. Kəlağaylnın YUNESKO-nun maddı irsinə daxıl olmağının 5 illiyi münasıbəti ilə ”Azərbaycan kəlağayı” brendi ilə bərabər layihəmiz oldu. İlk dəfə üst geyimləri, kastyum və araxçınlar məhz kələğayıdan hazırlandı.

Mən bu ruha bağlıyam. Bu gün cibimdən çox mənəvi zənginliyimi, Azərbaycanımı düşünürəm.

2006-cı ildə ilk dəfə arzum, təşəbbüsüm, istəyim oldu ki, "Azərbaycan Milli Geyim günü" təsis olunsun və ona görə milli mövzuda bir cox kolleksiyslar işlədim. Göstərməyə çalışdım ki, belə bir gün təsis olunsa, yaratdığım bir cox geyim numunələri tərzlərindən istifadə etmək olar. Yəqin ki, bu arzum yaxınlarda gerçəkləşəcək. O günün Qarabağda, Cıdır düzündə böyük bir festival formatında keçirilməsi gözəl olar. Dünyanın bütün ölkələrindən bu möhtəşəm günə axın olar...

- Hazırladığınız geyimlərin böyük bir qismi xanımlar üçün nəzərdə tutulub. Gələcəkdə bəylər üçün də gündəlik geyim modelləri hazırlamağı düşünürsünüzmü?

- Mənim bəylər üçün geyimlərim var. Uzun zaman bir çox televiziya layihələrində aparıcılara geyimlər hazırlamışıq. 7-cı mövsümdür ki, Heydər Əliyev Fondu və Azərbaycan televiziyasının birgə layihəsi olan "Muğam" müsabiqəsinin həm xanım, həm bəy aparıcılarının geyimləri mənim imzamı daşıyır. "Xalq ulduzu" yarışmasında Zaur Baxşəliyevə xüsusi stelizə olunmuş kostyumlar hazırlanırdı. Müraciət olunanda gündəlik üslubda bəylərə də geyim hazırlanır.

- Ümumiyyətlə, xanım geyim alarkən nəyə diqqət etməlidir? Düzgün geyim necə seçilməlidir?

- Çox önəmlidir ki, hər bir xanım özünə tənqidi yanaşsın. Xanımlar bədənində onları narahat edən hissələri göz qarşısında qabartmamalı, onları örtməyə çalışmalıdır. Son illər boş geyimlər dəbdədir, mən bunu çox xoşlayıram. Hər zaman kolleksiyalarımda bu geyimlərə yer ayırıram.

Geyimdə açıq-saçıqlığa marağı sevmirəm. Çünki paltarın müəyyən yeri açıqdırsa, digər hissə bağlı olmalıdır. Xanlmlara zövqlə və özlərinə yaraşan geyim seçmələrini tövsiyə edirəm. Peşəkarların məsləhətlərindən istıfafə etsinlər. Güzgü ilə dost olsunlar. Mənə məxsus olan bu sözü çox işlədirəm: “Güzgü bizim ən yaxın dostumuzdur”. Güzgüdə öz əyrilərimizi, düzlərimizi görürük, lakin bunun üçün özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Bu, çox önəmlidir.

- Bir xanımın geyimində "olmazsa-olmaz" hesab etdiyiniz nəsə varmı?

- Aksessuarlar önəmlidir. Qadının geyimində mənə görə mütləq eynək və çanta olmalıdır. Artıq yay-qış gün eynəyimiz bizimlədir. Sonra çanta... Mənim çantam ağır olur, gün ərzində istıfadə edə biləcəyim bir cox əşyaları ora yığıram. Bəzək əşyalarından günlərlə istıfadə etməyə bilərəm.

Aksessuarlar geyimin ayrılmaz hissəsidir və onlardan istifadə vacibdir. Çünki aksesuarların istifadəsi təkrar geyindiyimiz geyimləri yenilənmiş formada təqdim etməyə imkan yaradır.

Mənim üçün önəmlisi odur ki, gündəlik səliqəli və zövqlü geyinim, eynəyim və çantam mənimlə olsun...


Müəllif: Aysel Azad

Oxşar xəbərlər