Koronavirusdan qorunmaq üçün görülən tədbirlərdən biri də maska taxmaqdır. Ancaq havaların istiləşməsi ilə maskalardan istifadə elə də asan deyil. Başqa alternativimiz də yoxdur, bu səbəbdən maska taxmaq qaydası pozulmamalıdır.
Son günlər sosial şəbəkələrdə kütləvi şəkildə #nəfəsal kampaniyasına start verilib. Əksər vətəndaşlar xarici ölkələrdən nümunələr gətirərək açıq havada maska taxmağa etirazlarını bildirirlər.
Maksa taxmaq ötən ildən məcburi olsa da, ölkədə əksər iş yerləri bağlı idi, insanlar məsafədən işləyiridilər. Keçən ildən fərqli olaraq hazırda həmin məhduiyyətlər tətbiq olunmayıb.
Maraqlıdır, açıq havada maska taxmağın elmi əsası, praktiki faydası varmı?
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikası Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Teleqraf.com-a açıqlamasında insanların vəziyyətə aqressiv münasibətindən danışıb: “Əslində, mütəxəssislərin də, sıravi insanların da mövqeyi başadüşüləndir. Doğurdan da insanlar var ki, açıq havada maska taxıb gəzməkdə çətinlik çəkirlər.
Digər tərəfdən, hazırda gündəlik yoluxma sayı təxminən 2500 civarındadır. Biz bu xəstələrlə işləmişik, virusu ağır keçirənlər çox əziyyət çəkirlər. Hətta yaxın qohumlarım bu xəstəlikdən dünyasını dəyişdi. Bu gün açıq havada maskasız gəzməyin davasını edirlər.
Əgər küçədə, parkda gəziriksə və ətrafımızda 5-10 metr məsafədə kimsə yoxdursa, bu halda maskasız gəzməyin mən də tərəfdarıyam. Amma hamı eyni düşüncədə deyil. İnsanların sıx toplaşdığı yerlərdə virusu kontrol etmək çətindir”.
Həkimin qənaətincə, yoluxma sayı təxminən 1000 civarında olarsa, açıq havada maskasız gəzmək məsələsini yenidən müzakirə edib bir qərara gəlmək olar: “Xahiş və tövsiyə edirəm ki, camaat bir az da səbirli olsun, çünki yoluxma sayı çoxdur. Məktəblər bağlanandan sonra yoluxma sayında nisbi səngimə hiss olunur. Hesab edirəm ki, maskada bu qayda götürülsə, yenə də artım ehtimalı var. Ona görə bir az səbirli olmalıyıq. Düşünürəm ki, yoluxma sayı 1000 civarında olarsa, bu qərarı ləğv etmək olar”.
Vaksinlə yanaşı yoluxma sayındakı artıma gəlincə, Aydın Əliyev qeyd edib ki, vaksinlənmə, immunizasiya, peyvəndləmə prosesi həyati dərəcədə vacibdir: “Azərbaycanda iki dəfə vaksin olunub, üstündən iki həftə keçəndən sonra yoluxan şəxslərin içərisində ölüm halı qeydə alınmayıb. Bu, çox önəmli məsələdir. Yəni insanlar ikinci dəfə vaksin olunub yoluxa və xəstəliyi orta-ağır keçirə bilər. Amma bu şəxslərin içərisində ölən yoxdur. Vaksin olunmayıb yoluxan insanlar arasında ölüm halları var. Bir sözlə, vaksin ən azı ölümdən qoruyur”.
Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə hesab edir ki, açıq havada maska taxmaqla bağlı alınan qərarın altında yatan səbəb əsasən adminstrativdir: “Qərarın tibbi əsası yoxdur. Məsələ bu qədər sadədədir. Karonavirusun açıq havada qalması isbat olunmayıb”.