16 Aprel 2021 18:48
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il olduğu kimi bu il də Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejimi elan olunub, müəyyən təlimat və tövsiyələr verilir. Məlum olduğu kimi, Ramazan ayında iftar mərasimləri təşkil olunur. Dini baxımdan bu, savab olsa da, pandemiya dövründə məqsədəuyğun deyil. Virus adətən kütləvi toplaşma nəticəsində yayılır.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, ilahiyyatçı alim Ceyhun Məmmədov deyib.

Millət vəkili vətəndaşlara kütləvi iftar mərasimlərindən uzaq olmağı tövsiyə edib: "Çünki kütləvi toplaşma yekunda virusa yoluxanların sayının artmasına gətirib çıxara bilər. Ona görə də tövsiyə edirəm ki, bu ilə səbr edib, kütləvi tədbirlərdən uzaq olaq. İnşallah, növbəti il pandemiya təhlükəsi aradan qalxar, vətəndaşlarımız iftar mərasimlərini sərbəst təşkil edərək, toplaşa bilərlər".

Deputat bildirib ki, vaksinasiya prosessində hamı iştirak etməlidir: "Bu, təkcə bizim ölkəmizdə deyil, bütün dünyada aparılan prosedurdur. Xarici səfərlərə də yalnız vaksinasiyadan keçənlərin çıxmasına icazə verilir. Ümid edirəm ki, bu bəla tez bir zamanda bizim üzərimizdən keçəcək.

Bəzən insanları yanlış yönləndirən məlumatlar yayılır. Buna son qoymaq lazımdır. Biz də zaman-zaman müxtəlif fikirlər eşidirik. Bunların heç bir əsası yoxdur. Hər kəs nəzərə almalıdır ki, bu ümumilli məsələdir. Peyvəndləmədə aktiv iştirak etmək lazımdır. Bu gün qarşımızda çox vacib məsələ var, ölkə olaraq bu mərhələni tez keçməliyik ki, vətəndaşlarımızı virusa yoluxmadan qoruyaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər