Bu günlərdə “İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin sədri Nəsirov Şaban Fəxrəddin oğlu Seçki Komissiyası ilə əlaqə saxlayaraq, onun da Birlik yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı sənədlərini təqdim etdiyini, lakin qeydiyyata alınmadığını iddia edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, məsələ seçki komissiyası tərəfindən nəzarətə götürülərək, araşdırma aparılıb.
Müvafiq sənədlərin Nəsirov Şaban Fəxrəddin oğluna məxsus elektron ünvandan çıxışını təsdiqləyən faktların olmasına baxmayaq, Birliyin korporativ elektron ünvanına bu göndəriş ([email protected]) daxil olmayıb.
Yaranmış vəziyyətin texniki problemlərlə bağlı olmasından irəli gələrək, seçki komissiyası Nəsirov Şaban Fəxrəddin oğlunun “Azəriqaz” İB yanında yaradılacaq İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə iştirakını mümkün hesab etdiyi üçün onun xeyrinə qərar qəbul olunub.
Beləliklə, hazırda “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuraya üzvlüklə bağlı seçkilərə qatılan namizədlərin sayı 17 nəfər təşkil edir. Onlar barədə məlumatlar Birliyin rəsmi internet səhifəsində yerləşdirilib.
Qeyd edək ki, İctimai Şuraya seçkilərin cari ilin aprel ayının 30-da Birliyin inzibati binasında səhər saat 11:00-dan 16:00-dək keçirilməsi qərara alınıb.
Artıq 20-dək vətəndaş cəmiyyəti institutu səsvermə prosesində təmsilçilərinin iştirak etməsi barədə məlumatları Seçki Komissiyasına təqdim edib.
Qeyd olunub ki, səsvermə prosesində təmsilçilərinin iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları müvafiq məlumatları (adı, soyadı, atasının adı, təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi, onun seçkilərə qatılmasını təsdiqləyən təmsil etdiyi qurumun rəsmi məktubu) aprel ayının 20-si gecə saat 00:00-dək Seçki Komissiyasına təqdim etməlidir.
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç. 35 “Azəriqaz” İB
E-mail: [email protected] və ya [email protected]
Tel: 012 521 22 69