Teleqraf.com filologiya üzrə fəlsəfə doktoru, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsinin müdiri İradə Musayevanın yazısını təqdim edir.
(Kamil İbrahimov şəxsiyyəti haqqında)
Həqiqi ziyalı işıqdır, cəmiyyəti, iş yoldaşları, tələbələri üçün etalondur, meyardır. Bir neçə günün içərisində ziyalılarımızın gözlənilmədən, xəstəxanalarda vəsiyyət belə etmədən, boğula-boğula dünyadan köçməsi günümüzün facəsi deyilmi?! Qəribədir ki, indi ölümlərə təkcə kədərlənmirik, həm də heyrətlənirik...
Zaman o zamandır ki, hər səhər oyananda əvvəlcə özünü, sonra yaxınlarını salamat gördüyünə şükür etməli olursan. Səbəbi tam aydın olmayan səksəkə və qorxu hissi isə səni tərk etmir... Təkcə dünyanı bürümüş “COVID-19” bəlasından deyil, həm də həkimlərdən, “bizə belə tapşırıblar” hökmü ilə sənə “qanun” anladan nadan tibb işçilərindən qorxursan.
Sükut içərisində olan kimsəsiz xəstəxana divarları arasında nədən və necə ölmək müəmması da qiyamətə qədər gizli qalacaqsa, bu ölüm doğmalarını da dönə-dönə öldürəcək...
Dəyərli tarixçi alim, Azərbaycanın görkəmli arxeoloqu, Bakı şəhəri tarixinin tədqiqatçısı, Bakı arxeoloji ekspedisiyasının sabiq rəisi arxeoloq, tarix üzrə fəlsəfə doktoru Fərhad İbrahimovun oğlu professor Kamil İbrahimov aprel ayının 15-də Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişdi. Bu ölümə heç kim inanmaq istəmədi, heç kim barışmaq istəmədi, razılaşmadı bu cür qəfil gedişlə...
Əvvəllər heç bir xəstəliyi olmayan sağlam və cavan bir insanın (1962-ci ildə Bakıda anadan olmuşdu) belə asanlıqla əcələ boyun əyməsi necə mümkün ola bilərdi? Azərbaycan elmi, mədəniyyəti, təhsili dəyərli bir ziyalısını, xadimini itirdi...
K.İbrahimovun mədəni insan, səmimi dost, zəhmətkeş alim, sevimli müəllim obrazı mükəmməl bir ziyalı nümunəsi demək idi. Həqiqi ziyalı milli dəyər, milli sərvətdir.
Onun ölümü ilə nə qədər sahələrdə boşluq yarandı... Hələ bundan sonra da çox elm və mədəniyyət ocaqlarında, arxeoloji qazıntı ekspedisiyalarında gözlər onu gəzəcək, sözünün yeri görünəcək, tələbələri, iş yoldaşları yoxluğuna yanacaq... Sevimli xanımı, gözəl övladları bu gedişi xariic ölkələrə ezam olunduğu vaxtlardakı ayrılıq kimi qəbul etmək zorunda qalacaq... Yəqin ki hamı özünü aldada-aldada bir gün onun qayıdacağını, səliqəli görkəmi, gülər siması ilə xatirələrdən real həyata dönəcəyini gözləyəcək və o gəlməyəcək...
Alim eldən gedər – deyiblər...
Əmək fəaliyyətinə Şirvanşahlar Sarayı Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyinin arxeoloji fondunda laborant (1979-cu il) kimi başlamışdı. 1980-88-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, 1988-ci ildən İnstitutun “Yeni tikinti sahələrinin arxeoloji tədqiqi” şöbəsində böyuk elmi işçi, daha sonra həmin İnstitutun “Azərbaycanın ilk orta əsrlər arxeologiyası” şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır.
Bakı, Şamaxı, Gəncə, Şabran, Yenikənd və digər arxeoloji ekspedisiyalarda fəaliyyət göstərmiş, 2001-2007-ci illər ərzində isə Bakı arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir.
Əsli Şamaxıdan olsa da, elmi araşdırmaları daha çox Bakı tarixi ilə bağlı idi. Bakı şəhərinin tarixi-arxeoloji tədqiqinə həsr olunmuş onlarla məqaləsi, Bakı şəhərinin tədqiqatçısı olaraq Azərbaycanı bir çox Beynəlxalq konfranslarda, simpoziumlarda, qurultaylarda və elmi görüşlərdə təmsil etməsi onu daha geniş arenada tanıtmışdır.
2003-cü ildə “Bakı IX-XV əsrlərdə” mövzusunda dissertasiya müdafiə edərək, alimlik dərəcəsi almışdı. 2006-cı ildə isə “Bakı - İçərişəhər” adlı II cildlik monoqrafiyasını çap etdirmişdi. Doktor, professor adını “Bakı və Abşeronun arxeoloji xəritəsi və ekoarxeoloji problemləri” mövzusunda dissertasiya müdafiə edərək (Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyası, 2007-ci il) layiq görülmüşdü. Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasının, Türkiyə Akdeniz Universitetinin və İstanbul Piri Reis universitetinin professoru kimi fəaliyyəti, xarici ölkələrdə beynəlxalq arxeoloji ekspedisiyaların tərkibində iştirak etməsi, Türkiyədəki Universitetlərdə “Kiçik Asiyada mifologiya tarixindən” mövzusunda mühazirələr oxuması da Azərbaycan tarix elmi üçün uğur demək idi.
Məhz bu sahədəki nailiyyətlərinə görə o, Azərbaycanın, eləcə də bir çox xarici dövlətlərin, universitetlərin diplomları, fəxri fərmanları və digər mükafatları ilə təltif olunmuşdu. 2018-ci ildə Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdü.
Kamil İbrahimovun yüzdən çox məqaləsi və 10 kitabı işıq üzü görmüş, 12 elmi araşdırma kitabının redaktoru olmuşdu.
Yarımçıq kitablar, yarımçıq araşdırmalar, açıq qalmış qeyd dəftərləri... O, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Qala Tarix-Etnoqrafiya Qoruğu ilə iş şöbəsi”nin “Mədəni irsin tədqiqi sektoru”nun müdiri, həmçinin “Qala Tarix-Etnoqrafiya Qo ruğu”-nda direktor müavini vəzifələrində də çalışmışdır.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyinin “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin böyük elmi işçisi kimi fəaliyyəti, BDU-nun Tarix fakultəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimi olaraq “Qafqaz arxeologiyası”, “Arxeologiyanın əsasları”, “Çöl arxeologiyası” və digər fənləri tədris etməsi də bioqrafiyasının şərəfli səhifələri hesab edilə bilər.
Azərbaycan Beynəlxalq Ekoenergetika Akademiyasında “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzinin və Bakı arxeoloji ekspedisiyasının rəhbəri kimi məsul vəzifəni də Kamil İbrahimov icra etmişdi. O, Türk Tarix Qurumunun, Almaniya-Azərbaycan cəmiyyətinin, Miras ictimai birliyinin, Simurq asosiasiyasının, İCOM-un, həmçinin AAK-in “Tarix, İnsan, Cəmiyyət” elmi jurnalında redaksiya heyətinin üzvü olmuşdu.
Azərbaycan prezidenti yanında AAK-ın (Ali Attestasiya Komitəsi) Tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvü kimi prinsipial mövqeli fəaliyyəti də onu yaxından tanıyan insanların yaddaşında dərin iz salmışdı.
Kamil İbrahimovun portret cizgilərini kiçik yazıda ifadə etmək çətindir. Onu qiymətləndirən, ölümünə yanan dostları hələ çox xatirələr yazacaq, çox anım gecələrində nitq söyləyəcək...
Lakin bu gün onun çox yaxın dostu, eyni xəstəliklə (COVID-19) eyni xəstəxanada yatan professor Solmaz Tohidinin yazdığı cümlələrin ağrısından üzülməmək olmur.
O yazır: “Bu statusu xəstəxanada yazmışdım, evə gəlməyimi gözləyirdim. Lakin bir aya yaxın nigarançılığını çəkdiyimiz əziz dostum, həmkarım, məsləkdaşım Kamil müəllim İbrahimovun həmin gün vəfatı xəbəri bütün əhvalımı alt-üst etdi. Kamil müəllimlə eyni gündə, eyni məclisdə yoluxmuşduq, özü evdə müalicə alsa da, mənim evdə qalmaq, bu xəbəri yaymamaq niyyətimdən çox narahat idi və başqa bir tarixçi həmkarımızı mənə təsir edə biləcəyi ümidi ilə o xəbərdar etmişdi. Sonra özü də həmin xəstəxanaya gəldi. Vəziyyətinin ağırlaşmasını əvvəlcə vaksin vurması və bu səbəbdən aldığı infeksiyanın dozasının artması ilə izah edirdilər. Sonra reanimasiya şöbəsinə keçirdilər. Zülm çəkdi, zülm… Sarsıntımı, itkimı, ağrımı ifadə etməyə söz tapmıram”.
17.04.2021