21 Aprel 11:23
7 168

Prezidentin çıxışında Zəngəzur barədə sərt mövqe hüquqi və tarixi faktlara əsaslanır. Bu çıxışda Zəngəzurun ermənilərə verilməsi əsaslı surətdə sübut edilir və oranın yenidən Azərbaycana qaytarılmasının strategiyasını faktlarla izah edilir. Ali Baş Komandan bu çıxışı ilə vaxtilə itirilmiş torpaqların Azərbaycana qaytarılacağı anonsunu verdi. Zəngəzurun ermənilərə verilməsinin memarı ABŞ, Azərbaycan Cümhuriyyətinin qurucularını aldadan isə Amerika ordusunun polkovniki, Antanta dövlətlərinin Ermənistana ali komissar təyin etdiyi Amerika polkovniki V.Haskelin müavini polkovnik Ceyms Rey idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev deyib.

Onun sözlərinə görə, Zəngəzurun və Naxçıvanın ermənilərə verilməsi planı Amerikanın istəyi və planı idi, bu planın reallaşması və həyata keçməsi üçün təlimat alaraq bura göndərilən Ceyms Rey idi: “Zəngəzurun 1919-cu ildə Ermənilərə verilməsini göstərən, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının stenoqramasının surəti və müqavilənin üz qabığını sizlərə təqdim edirəm.

Bu sənədi uzun zaman axtarırdım və nəhayət, Amerika Konqres kitabxanasına yazdığıma cavab gəldi. Sənədin tam surətini mənə elektron formada göndərdilər. Demək, Ermənistanla Azərbaycan arasında bağlanan bu sazişi Azərbaycan və Ermənistanın baş nazirləri N. Yusifbəyli və A.Xatisov, təminatçı sifəti ilə ABŞ tərəfindən Ceyms Rey və Gürcüstanın xarici işlər naziri E.Gegeçkori imzalamışdılar.

Bu sazişin imzalanmasına aparan yol 1919-cu il yanvarın 25-də Azərbaycan hökuməti mühüm bir qərarı idi: "Şuşa, Cəvanşir, Cəbrayıl və Zəngəzur qəzaları Gəncə quberniyasının tərkibindən çıxarılaraq həmin qəzalardan ibarət Qarabağ general-qubernatorluğunun yaradılsın". Şuşa şəhəri general-qubernatorluğun mərkəzi seçildi. Azərbaycanın birinci hökumətində hərbi nazir olmuş Xosrov bəy Sultanov Qarabağ general-qubernatoru təyin edildi”.

Tarixçi qeyd edir ki, bu hadisədən sonra Ermənilərin narahat olduğunu, Zəngəzurun Azərbaycan Cümhuriyyəti tərkibində qalmasına qarşı çıxan Amerika dərhal üç tərəfli görüş keçirilib, "sülh" sazişinin imzalanması tapşırığını Ceyms Reyə verir: “Bu tapşırıq gələnə qədər Azərbaycan Cümhuriyyəti ordusu Zəngəzuru tamam ermənilərdən təmizləmək üzrə idi. Xosrov bəy Sultanov və Sultan bəy Sultanovun başçılığı ilə ordu erməniləri geri qovmaqda davam edirdi. Müharibədə ermənilər geri çəkilməsi, məğlub olması Amerikanı çox narahat edirdi.

Buna görə də amerikalı polkovnikin inadı və məkirli planı ilə iki tərəfli sazişi imzalamaqla Ermənistan və Azərbaycan hökumətləri razılığa gəlmişdilər ki, bundan sonra silaha əl atmayacaqlar, hər iki hökumət Zəngəzura gedən yolların açılması üçün tədbirlər görəcək, sərhəd məsələləri də daxil olmaqla bütün mübahisəli problemlər sülh konfransının qərarına qədər yalnız sülh yolu ilə həll ediləcək, barışıq əldə edilmədikdə polkovnik Ceyms Rey münsiflər məhkəməsi sifətində tədbirlər görəcək, danışıqlar aparmaq üçün iki ölkə bərabər sayda nümayəndələr seçəcək və mübahisəli məsələlər müzakirə ediləcək, tərəflər bu sazişin müddəalarına vicdanla əməl edəcəklər.

Müqavilənin 3-cü bəndində “Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır” deyilməsi Ceyms Reyin əl-qolunu açırdı və ona geniş səlahiyyət verirdi.

Buna görə də Azərbaycan Cümhuriyyəti ordusu regionda sülhün bərqərar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı olur.

Azərbaycan Cümhuriyyəti amerikalı polkovnikə, yəni Amerikaya güvəndiyi üçün qan tökülməsinin qarşısının alınmasından ötrü bu addımı atmalı olur. Amerikanın planının ikinci mərhələsi bundan sonra işə düşür, ermənilər Zəngəzur qəzasının Oxçupir, Davidan, Atqız, Şəbədək, Anişu və Quşçular kəndlərinə hücum edərək kütləvi qırğınlar törədir, Girətag və onun ətraf kəndlərini, Dərələyəz qəzasında isə Köçbəy, Qısır, Martiros, Qayalı, Leyliqaçan, Vəlyalar, Göyərçin, Çaykənd və İtdil kəndlərini ələ keçirir, azərbaycanlıları ordan qovurlar.

Bu hücumlar 1920-cı ilə qədər davam edir və o ilin yanvarın 21-dən 26-dək Zəngəzurun 3-cü sahəsində 48, 4-cü sahəsində 3 kəndi işğal edərək bütün kəndlərin işğalını başa çatdırır”.

Zaur Əliyev bildirib ki, erməni qüvvələrinin böyük hərbi üstünlüyü qarşısında Zəngəzurdan Naxçıvana və ətraf ərazilərə görünməmiş bir qaçqın axını başlandı: “Zəngəzurdan qonşu Cəbrayıl və Cavanşir uyezdlərinə təxminən 50 min nəfər sığınmaq məcburiyyətində qaldı. Bu basqınlar nəticəsində ümumilikdə 100-dən çox kənd məhv edildi, ümumi ölü sayısı 10 minə çatdı. Zəngəzur tamamilə azərbaycanlılardan boşadılmağa başladı.

Bu hadisəyə qədər 72% azərbaycanlı, 38% isə erməni yaşayan Zəngəzurda Azərbaycanlıların sayı olduqca azaldı. Ermənilər bura köç edərək məskunlaşdılar. Bununla bağlı Paris sülh konfransında da Azərbaycan nümayəndələri Ceyms Reylə görüşüb, ona lazımi materiallar təqdim etmişdilər. Lakin bu sənədlər və materiallar Amerika prezidentinə və Antanta üzvü olan dövlət başçılarına təqdim edilmədi. Çünki polkovnik Ceyms Rey ermənilərin maraqlarını müdafiə edirdi...

Beləliklə, Zəngəzur məsələsi Paris Sülh Konfransında müzakirədən kənarda qaldı. Naxçıvan isə Azərbaycanın ərazisi kimi tanındı. 1920-ci ilin yanvarında sonuncu Amerika əsgəri Naxçıvan torpağını tərk etdi. Beləliklə, bölgə əhalisinin güclü müqaviməti və inadlı mübarizəsi, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin isə ciddi diplomatik səyləri bu növbəti təxribat aktının qarşısını vaxtında aldı və ermənilərin Naxçıvanı ABŞ-ın yardımı ilə ələ keçirmək niyyətini növbəti dəfə həyata keçirilməsinin qarşısı alındı.

Bir sözlə, Azərbaycan Cümhuriyyətinə qarşı ən böyük düşmən siyasəti həyata keçirən amerikalılar sadəcə Zəngəzuru ermənilərə verib gedirlər, Naxçıvan və Qarabağ isə Cümhuriyyətin sayəsində Azərbaycan tərkibində qalır”.


Müəllif: Aysel Azad