“İMZA”- İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə, Birliyin kollektivi və könüllüləri Hərbi Qənimətlər Parkını ziyarət edib.
Teleqraf.com-un xəbərinə görə, millətimizdən sonsuz dəstək alan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitlərinin qazandığı tarixi zəfərimizin əbədiyyətə qədər simvolu olacaq Hərbi Qənimətlər Parkını bu günlərdə ziyarət edənlərin sayı və Parka olan böyük maraq onu göstərir ki, xalqımız bu qələbənin memarlarını həmişəlik qəlbində yaşadacaq. Bu Parka elə ilk ayaq basan andan insan hiss edir ki, şanlı ordumuz necə böyük bir zəfərə İMZA atıb.
Açıq səma altında muzey olan, artıq müqəddəs adlandıra biləcəyimiz bu məkanda sərgilənən və düşməndən ələ keçirilmiş dəyəri milyardlarla dollarla ölçülən müasir silah sistemlərini 44 gün kimi qısa müddətdə məhv edib sıradan çıxarmaq ancaq ən qəhrəman əsgər və zabitin şücaəti sayəsində mümkün ola bilərdi ki, bu vəzifəni də ordumuz dünya ordularına nümunə göstərilə biləcək səviyyədə qüsursuz yerinə yetirib. Necə ki, bu gün dünyanın ən qabaqcıl orduları Azərbaycan əsgərinin şücaətini ən nümunəvi təcrübə kimi öyrənmək istəyir.
Bunu ilk növbədə uşalqlarımız, yetişməkdə olan gənc nəsil mütləq bilməlidir ki, bu qələbə güclü siyasi iradə, diplomatik ustalıq sayəsində və əlbəttə ki, yüksək sərkərdəlik bacarığı ilə idarə olunan qədim və zəngin hərbi ənənələrə malik ordumuzun misilsiz qəhrəmanlığı və şücaəti hesabına qazanılıb.
“İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, qurumun rəhbər heyəti, kollektivi və könüllüləri zəfərimizin taclandırılması kimi qəbul etdikləri Hərbi Qənimətlər Parkını ziyarət edərkən məhz bu amalı qarşısına məqsəd qoyub. İnsanımız böyük qələbəmizin necə çətinliklər və illərin ağır zəhməti hesabına başa gəldiyini bilsin və heç vaxt unudulmağa qoymasın. Vətən savaşının getdiyi günlərdə öz könüllüləri ilə birgə hiyləgər, saxtakar və mənfur düşmənə qarşı informasiya müharibəsində ön sıralarda olmuş “İMZA”çılar bu gün də həqiqətlərimizin və yeni reallıqların dünyaya çatıdırlmasında yüksək fəallıq göstərirlər.
Hərbi Qənimətlər Parkının ziyarət edilməsindən sonra “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin rəhbər heyətinin toplantısı keçirilib. Kollektivin və könüllülərin təklifi nəzərə alınaraq qərara gəlinib ki, bundan sonra təşkilatın xətti ilə ölkəmizə gələcək əcnəbi qonaqların ziyarət edəcəkləri məkanlar içərisində Azərbaycan paytaxtının bu gözəl və anlamlı guşəsi də mütləq yer alsın.