23 Aprel 2021 19:47
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çar Rusiyası, Azərbaycan Cümhuriyyəti və Sovet Azərbaycanı dövründə fəaliyyət göstərmiş general Əliağa Şıxlınskinin məzarüstü abidəsinin açılışı oldu. Varisi Solmaz Şıxlınskayanın fədakar səyi nəticəsində ərsəyə gələn abidənin açılışında hərb tariximizin görkəmli tədqiqatçısı Mehman Süleymanov, publisist Elçin Şıxlı və başqa şəxslər iştirak etdilər. Pandemiya səbəbindən qısa keçən tədbirdə önəmli çıxışlar oldu, xatirə şəkilləri çəkildi.

Şıxlınskinin dəfn olunduğu Yasamal qəbiristanlığı bir çox görkəmli şəxsin son evinə çevrilib. Generalın məzarının yanında məşhur coğrafiyaşünas alimimiz Qafur Rəşad Mirzəzadənin ailə məzarlığı yerləşir.

Şıxlınskinin məzarının yanındakı başqa qəbir daşı isə ilk baxışdan üzərindəki fransızca olan cümlələrə görə diqqət çəkir. Mustafayev Mustafa Hacı Rahim oğluna (1895-1972) məxsus məzar daşının üzərindəki yazını dostumuz Tural Mehbaliyev bu şəkildə tərcümə etdi: “Burada bizim sevimli həyat yoldaşımız və atamız yatır”.

Qısa araşdırmadan sonra burada yatan şəxsin Azərbaycan Cümhuriyyəti hökumətinin xaricdə təhsil almağa göndərdiyi yüz tələbədən biri olduğunu öyrəndik. Buna görə də bu mövzuda əlimizdəki yeganə və ən mühüm qaynaq olan professor Ədalət Tahirzadə ilə Oğuztoğrul Tahirlinin yazdığı “Azərbaycan Cümhuriyyəti tələbələri” kitabına müraciət etdik.

Mustafa Mustafayev 1895-ci il oktyabrın 17-də Qazaxın Saloğlu kəndində doğulub. Qazaxda müəllim və maarifçi Zülfüqar Qayıbovun bacısı oğlu olub. 1907-1915-ci illərdə Bakı edadi məktəbində oxuyub. Ardınca Bakı şəhər 2-ci rus-türk ibtidai məktəbində dərs deyib.

Mustafayev 7 noyabr 1919-cu ildə Cümhuriyyət hökumətinə göndərdiyi məktubunda Parisdə oxumaq istədiyini qeyd edib. Fransaya yola salınan Mustafayev Tuluza şəhərindəki Elektrotexnika İnstitutunda təhsil alıb.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra xaricdə ağır vəziyyətə düşən tələbələr çıxış yolu axtarmaq üçün Sovet hökumətinə nümayəndə göndərməyi qərara alıblar. Bu məqsədlə Mustafa Mustafayev Bakıya göndərilib. O isə 15 iyun 1923-cü ildə Xalq Maarif Komissarlığına geniş ərizə yazaraq ağır maddi vəziyyətləri barədə məlumat verib.

Tələbəlik dövründə Mustafayev “Reno” firmasında istehsalat təcrübəsi keçib, məzun olduqdan sonra ona bu firmada mühəndislik təklif olunub. Lakin o, 1927-ci ildə Bakıya qayıdıb, elektrik stansiyalarının, Bakı tramvayının daha yaxşı çalışması üçün xidmət göstərib.

Fransada ikən o, Janna Larude adlı bir qadınla evlənib.

II Dünya müharibəsinin başlaması Mustafayev ailəsinə ikiqat zərbə vurub. Almaniya ilə müharibə başlayan kimi onun xanımını 1941-ci ilin iyulunda həbs ediblər. 1942-ci ilin avqustunda isə Mustafayevi Şimali Qazaxıstana sürgünə göndəriblər.
1942-ci ilin sonunda yoldaşı azad edilib və Janna xanım Səmərqənd şəhərinə köçüb. 1943-cü ilin noyabrında Mustafayev də Səmərqəndə gəlib, 1961-ci ilədək orada yaşayıblar. O, burada riyaziyyat və fransız dilindən dərs deyib. Bakıya qayıtdıqdan sonra Mustafayev Sənaye İnstitutunda yenə eyni fənlər üzrə saathesabı çalışıb.

Məzar yazısındakı cümlədən aydın olur ki, Mustafayev xanımından öncə 1972-ci ildə vəfat edib. Qohumları olan Qayıbovların məzarlarının yaxınlığında dəfn olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər