Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmədiyi üçün azad edilmiş torpaqlarımızda mülki sakinlər və hərbçilər həlak olur.
Teleqraf.com xəbər verir ki, Fransada keçirilən aksiyalarda da bununla bağlı çağırışlar edilib.
Azərbaycanlı tələbə İsgəndər Əsgərov #ArmenianWarCrimes həştəqi ilə Fransa Milli Assambleyasının qarşısında fərdi etiraz aksiyası keçirib. Fərdi aksiyanın əsas məqsədi fransız deputatların və yerli sakinlərin diqqətini Ermənistanın azad edilmiş ərazilərimizdə minalanmış sahələrin xəritəsini verməyərək, müharibə cinayətini davam etdirməsinə yönəltmək olub.
Fransanın Nant şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının (ACAF) təşəbbüsü ilə də Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməməsi ilə bağlı etiraz aksiyası təşkil edilib.
Aksiyada Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbinin şagirdləri fəal iştirak ediblər. “Minalanmış ərazilərimizin xəritəsini istəyirik!” tələbinin nümayiş etdirildiyi aksiya şəhər meriyası və Nantın digər müxtəlif yerlərində baş tutub.