Oda Teatrının fəaliyyət göstərdiyi “Elitarinfo” MMC-yə qarşı məhkəmə iddiası qaldırılıb. Bu barədə vəkil Anar Məmişov məlumat verib: “Məhkəmə Şuşa Teatrının direktoru Yadigar Muradovun iddiası əsasında aparılır. İş əvvəlcə jurnalist Elmin Bədəlova qarşı idi. Yadigar Muradov Elitar.Az saytında gedən yazıda şərəf və ləyaqətinin alçaldılmasını əsas gətirib. Daha sonra Yadigar Muradov iddiaya dəyişiklik edib və 20 min manatlıq təzminat tələbi Elmin Bədəlovun üzərindən götürərək “Elitarinfo” MMC-nin üzərinə qoyub”.
Oda Teatrının təsisçi və rəhbəri Elmin Bədəlov isə iddia ilə razılaşmır: "Şuşa Teatrının işçiləri teatrda baş verən özbaşınalıqlar barəd bizə məktub ünvanlamışdılar və biz həmin məktubu saytda dərc etmişdik. Yazı dərc olunandan sonra Şuşa Teatrının direktoru Yadigar Muradov sayta qarşı yox, məhz mənə qarşı məhkəmə iddiası qaldırdı. İndi isə həmin iddiaya dəyişiklik edilib və iddia Oda Teatrının fəaliyyət göstərdiyi MMC-yə yönəldilib".
Qeyd Eedək ki, prosesi noyabrın 17-si saat 12:00-da Biləsuvar Rayon Məhkəməsində keçiriləcək. İş əvvəlcə Nəsimi Rayon Məhkəməsində aparılıb. Teatrın təsisçisi Elmin Bədəlovun qeydiyyatı Biləsuvar rayonuna olduğu üçün məhkəmənin davamı bu rayonda aparılacaq. Məhkəmə iddiasına əsasən Yadigar Muradova 20 min manat təzminat ödənilməlidir. Müstəqil Oda Teatrı isə iddianı əsassız hesab edir və göstərilən məbləği ödəmək imkanında olmadığını bildirir.