28 Aprel 2021 18:21
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir xalqın tarixində olduğu kimi Azərbaycan xalqının da həyatında vacib rol oynayan, onun inkişafına, ictimai-siyasi həyatına, milli-mədəni və ailə dəyərlərinin möhkəmlənməsi işinə böyük töhfələr verən görkəmli şəxsiyyətləri, tanınmış elm və incəsənət xadimləri, dövlət adamları vardır.

Bu gün adını və əməllərini cox böyük ehtiramla xatırladığımız, onu tanıyanların qəlbində, ilk növbədə, yüksək şəxsi keyfiyyətləri, səmimiyyət və mehribanlığı ilə silinməz izlər buraxan bir şəxsiyyətin, varlığından və şərəfli həyat yolundan qürurla danışdığımız Zərifə xanım Əliyevanın isə bu insanlar arasında özünəməxsus yeri vardır.

Ötən əsrin 50-ci illərindən geniş ictimaiyyətə əvvəl görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin qızı, daha sonra Ulu öndər, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ömür-gün yoldaşı, nəhayət zəmanəmizin ən parlaq liderlərindən biri, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin anası kimi yaxşı tanış olan bu gözəl insan haqda fikir söyləmək böyük şərəfdir.

Yəgin ki, taleyinə Tanrının bu üç qismətindən biri düşən hər hansı bir qadın özünü dünyanın ən şanslı insanlaından biri sanar, bu qisməti ilə öyünməyə haqqı çatdığını düşünərdi.

Lakin qeyd etmək lazımdır ki, bü gün hələ sağlığında onunla bir yerdə çalışanlar, yol yoldaşı olanlar, heç olmasa onunla ünsiyyətdə olanlar bu sadə, təvazökar və geniş qəlbli xanımın daşıdığı bu təbii və qazanılmış titullarının yalnız məsuliyyətinin daşıyıcısı olduğunu hər zaman vurğulamaqdadırlar.

Hələ gənc yaşlarından zamanın ziddiyyətli və insanı hər an sınağa çəkən sərt ideoloji şərtləri altında yaşamağa, mübarizə aparmağa, ədalətsizliklərlə çarpışmağa məhkum olan ailəsinin üzləşdiyi çətinlikləri öz üzərində hiss edən, nəciblik, sədaqət və fədakarlıq kimi keyfiyyətləri çətin şəraitdə öz simasında birləşdirməyin və məğrurluqla daşımağın örnəyini yaratmışdır.

Həqiqətən də Zərifə xanımın nəsillərə nümünə olan ömür yoluna nəzər salan hər bir kəs ilk növbədə bu zərif azərbaycan qadınının timsalında mənəvi zənginliyi ilə diqqətləri çəkən və bitkin xarakterə malik bir insanla üzləşir. Azərbaycan elminə sanballı töhfələr vermiş görkəmli elm xadimi bütün vəzifə və öhdəliklərinə vicdanla yanaşan vətəndaşla,dəyanətli ömür gün yoldaşı, fədakar ana ilə tanış olur.

Hələ uşaq yaşlarından ona aşılanan vətənə məhəbbət və insanlara mərhəmət hissi, ətrafında cərəyan edən hadisə və proseslərə milli-mənəvi dəyər ölçüsündən yanaşma və təhlilləri ilə insanların yaddaşında dərin izlər buraxan obrazında üzvü olduğu ziyalı bir nəslin layiqli davamçısını görür.

Onun ömür yolu hər bir insan, həkim, alim və ictimai xadim üçün kamillik məktəbidir. Bütün bu sahələrdə uğur əldə etmək, insanların sevgisini qazanmaq, mərhəmət və xeyir-xahlıq ünvanına çevrilmək üçün sözün əsil mənasında yüksək mənəvi keyfiyyətlərə, Tanrının bəxş etdiyi qeyri-adi xüsusiyyətlərə malik olmaq lazımdır.

Bir görkəmli elm xadimi kimi əldə etdiyi nailiyyətlər, çoxsaylı elmi əsərləri, elmi kadrların yetişməsi sahəsində nəticələri Azərbaycan elminin Zərifə xanım tərəfindən yazılan parlaq səhifələrini təşkil edir. Onun inkişafına çox böyük əmək sərf etdiyi elm sahəsindəki davamcıları bu gün alimin irsindən faydalanırlar.

Təvazökarlığı və zəhmətsevərliyi sayəsində iri sənaye müəssisələrində çalışan zəhmət adamlarının üzləşdiyi peşə xəstəliklərinin profilaktikasına həsr etdiyi elmi tədqiqatları ilə nəinki ağır işlərdə çalışanların sağlamlığı üçün faydalı nəticələr əldə etmiş, həmçinin çox profilli elmi axtarışları ilə keçmiş ittifaq dövlətində oftalmologiya sahəsinin inkişafına verdiyi sanballı töhfələrə görə yüksək mükafatlara layiq görülmüşdür.

Alim, həkim və pasiyent üçlüyünün qarşılıqlı münasibətlərinə həsr etdiyi elmi əsərlərində bütün tibb işçiləri üçün təkcə təhsil, bilik və bacarıqların deyil, həmçinin tərbiyə və əxlaqın diaqnostika və müalicə prosesində vacibliyini ön plana çəkmişdir.

Həkimi xəstənin ən doğma adamı hesab etməklə onlar arasında münasibətləri insanlar arasında ola biləcək ən incə, həssas münasibət kimi dəyərləndirmişdir.

Onun tibbi etika və deontologiyaya dair bu gündə aktuallığını qoruyub saxlayan fikirləri və qənaətlərininsə təkcə səhiyyədə deyil, cəmiyyətdə və insanlar arasındakı münasibətlərədə aid olduğunu xüsusi qeyd etmək lazım gəlir.
Məhz elə bu səbəbdən də onunla bir yerdə çalışan, Zərifə xanımın diqqət və qayğısını öz üzərində hiss edən yetirmələri, hər zaman onun xatirəsinə böyük ehtiram göstərir, onun haqqında ən gözəl sözlər, ən məzmunlu epitetlər seçərək ona olan hörmətlərini izhar etməyə çalışırlar.

Bu bir həqiqətdir ki, o daşıdığı adın mahiyyət və məzmunundan doğan zərifliyin arxasında dayanan gücün sayəsində Heydər Əliyev kimi bir gənc və perspektivli dövlət adamı ilə quracağı ailənin də çətinliklərlə üzləşə biləcəyini dərk edirdi. Lakin daxili təlatümlərini zahiri sabitliyi və təmkini ilə gizlətməyi bacarması ilə böyük siyasət və dövlət adamı üçün dözümlu və dəyanətli ömür gün yoldaşı olmanın parlaq nümunəsini yaratmışdır.

Təsadüfi deyildir ki, əldə etdiyi nailiyyətlər üçün səmərəli və müvəffəgiyyətlə çalışmasında ailəsinin böyük rolunu vurğulayaraq Milli Liderimiz Heydər Əliyev “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam” deyirdi.

Cəmiyyətin inkişafının ailə institutunun möhkəmliyi və dayanıqlığı ilə düz mütənasibliyinə inanaraq, “sağlam ailə, sağlam nəsil, sağlam millət deməkdir”, fikrini də məhz Zərifə xanımla birgə ailəsindəki milli-mənəvi dəyərlər üzərində qurulan sağlam mühitdən qaynaqlandığını diqqətə çatdırırdı.

Bu mənada hər bir insan ilk növbədə onu yetirən ailənin, yaşadığı mühitin hər bir hərəkəti və sözü ilə örnək olan valideynlərinin yetirməsidir, belə demək mümkünsə məhsuludur.

Ailənin isə cəmiyyət və dövlətin əsası, insanları böyük həyata, gələcəyə hazırlayan, nəsillər arasında varisliyi təmin edən, milli-mənəvi dəyərlərin qorunduğu inkişaf etdirildiyi və daha çox aşılandığı ilk sosial mühit kimi əhəmiyyətinin daha da artdığı indiki dönəmdə bu fikrin Ulu öndər tərəfindən ifadəsinin çox böyük önəm kəsb etdiyini qeyd etmək lazımdır.

Məhz ömür - gün yoldaşı Heydər Əliyevlə birgə o, bu ailədə doğulub boya – başa çatan övladlarına ailəsindən gələn və xalqımızı xarakterizə edən ən gözəl keyfiyyətləri və dəyərləri ötürməklə, onları əsil insan, vətəndaş, öz işənə, peşəsinə, öhdəlik və borclarına məsuliyyətlə yanaşan bir övlad, valideyn olmaq üçün hər tərəfli hazırlamağa bütün ömrünü sərf etmişdir.

Bir məqamı isəxüsusi ilə vurğulamaq lazımdır. O, taleyin və zamanın hökmü ilə müəyyənləşmiş statusu ilə yanaşı milli və vətəndaş məsuliyyəti ilə könüllü olaraq öz üzərinə götürdüyü elmi, ictimai və insani missiyalarının hamısını bir arada, eyni dərəcədə uğurla və peşəkarlıqla irəliyə aparmağın əsil örnəyini yaratmaqla mənsub olduğu xalqın ən vacib sərvətinin – insan kapitalının öz şəxsiyyəti hesabına xeyli dərəcədə zənginləşməsi işinə əhəmiyyətli töhfə vermişdir.

Bu gün Zərifə xanımı seçdiyi fəaliyyət istiqamətləri üzrə əldə etdiyi nəticələr, yaratdığı ənənələr, qoyub getdiyi elmi, ictimai irsi və haqqında dolaşan əfsanələrə bənzər həqiqətlərə görə tanıyan insanlar, ondar sonrakı nəslin nümayəndələri hörmət və sevgi ilə anır.

Zənnimcə bütün parametrlər üzrə xarakteri və onun məzmunu ilə əsil azərbaycan xanımı obrazını müdrikliyi və mükəmməlliyi sahəsində özü öz boyuna biçmiş bu gözəl insanı müasir və gələcək nəsillər də hər zaman yüksək ehtiram və minnətdarlıq hissi ilə xatırlayacaqlar.

Bir də ona görə xatırlayacaqlar ki, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli liderimiz Heydər Əliyevin həyat yoldaşı, eləcə də müasir, qüdrətli və zəngin Azərbaycan dövlətinin qurucu lideri müzəffər Ali Baş Komandan İlham Əliyevin anasıdır.

Bahar Muradova


Müəllif:

Oxşar xəbərlər