Əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, buna görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.
Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.
Dinləmədə “əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.