Müqəddəs Ramazan ayı ərəb-müsəlman ölkələrində özünəməxsus şəkildə keçir. Əhalisinə görə ən böyük ərəb ölkəsi sayılan Misirdə isə Ramazan ayı və iftar süfrələri daha rəngarəng şəkildə bəzənir və təşkil olunur. Ölkədə bu ay ərzində nəzərdə tutulan tədbirlər də iftar ab-havası şəraitində keçirilir. Bu il də COVID-19 pandemiyası səbəbilə bir çox məhdudiyyətlər mövcud olsa da, Misirin tanınmış beşulduzlu mehmanxanalarında təşkil olunan iftar süfrələri qəbul olunmuş tövsiyələrə uyğun şəkildə təşkil edilir.
Bu barədə Teleqraf.com-a Azərbacanın Misir Ərəb Respublikasındakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar, Azərbaycanın Misirdəki səfirliyi Misirin tanınmış beşulduzlu mehmanxanalarında biri olan “Concorde-El-Salam” mehmanxanasında “Made in Azerbaijan” brendli məhsullarımızın təqdimatını təşkil edib. Bu məhsullar sırasına müxtəlif çərəzlər, qoz, fındıq, badam, bəhməz, kişmiş, qaysı, meyvə şirələri, kompotlar, mürəbbələr, bal, şəkərbura, paxlava, qablaşdırılmış çay növləri daxildir.
Tədbir iftar saatlarına rast gəlindiyi üçün Misir ictimaiyyəti, o cümlədən dəvət olunan iş adamları və jurnalistlər, habelə mehmanxana qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
“Made in Azerbaijan” brendli məhsullarımızın dadı və keyfiyyəti ilə tanış olan qonaqlar tədbirdən xeyli məmnun qaldıqlarını ifadə ediblər. Həmçinin, bu tədbir iki ölkə arasında biznes mühitinin inkişaf etdirilməsi baxımından maraq kəsb edərək, misirli iş adamlarının diqqətini cəlb edib.
Tədbir Misirin kütləvi informasiya vasitələrində – “Əl-Əhram”, “Əxbarul-Youm”, “Asiya Əl-Youm”, “Əl-Diplomasy”, “Rayət-Masr”, “Tahya Masr”, “Əl-Ğad”, “Məcəllə Əl-Ərəbiyyə” və sair xəbər saytlarında, həmçinin sosial şəbəkələrdə də geniş işıqlandırılıb.