1 May 2021 13:29
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün vəfat edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəfn mərasimi məhdud sayda insanın iştirakı ilə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "Report"a nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, mərasim mərhumun ailə üzvləri olmaqla təşkil olunacaq: "Dəfn mərasiminin harada və nə vaxt olacağı barədə mənə heç bir məlumat verilmir. Belə başa düşürəm ki, ictimai xadim olduğuna görə cənab nazirin dəfni dövlət səviyyəsində həyata keçiriləcək".

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

***

09:56

Gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar oğlu, "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, Arif Rəhimov atasının ötən gün Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı ABŞ-da dünyasını dəyişdiyini bildirib.

"O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu" deyə oğlu əlavə edib.

Arif Rəhimov qeyd edib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi: "Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı. Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi".

"Bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik" yazan Arif Rəhimov "Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli vitse-prezidentə və ictimaiyyyətə təşəkkür edirik. Allah rəhmət eləsin!", - deyə əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər