31 Oktyabr 2014 10:24
1 784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir şəhər Dövlət Bayrağı meydanında "Bu gün gərək hər anımız vətən desin!" devizi altında "Əsgər Şöhrəti" bayramı keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bayram tədbirinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və çiçəklər qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanan bu tədbiri müəllif açaraq bayram iştirakçılarını təbrik edib. O, işğal olunmuş torpaqların azad edilməsi üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən görülən tədbirlərdən, bu sahədə vətənin hər bir övladının rolundan danışıb.

Bayram tədbirində Azərbaycanın Milli Qəhrəmanı general-leytenant Rövşən Əkbərov çıxış edərək müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini, polkovnik Elşad Əbilov isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun təbrik teleqramını mərasim iştirakçılarının diqqətinə çatdırıblar.

Daha sonra Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Milli Məclisinin deputatı Sahibə Qafarova çıxış edərək mərasimə toplaşan hərbi qulluqçuları, rayon ictimai təşkilatlarının üzvlərini, şəhid analarını, müharibə veteranlarını "Əsgər Şöhrəti" bayramı münasibəti ilə təbrik ediblər.
Tədbirin əvvəlində müharibə veteranları, xidmətdə fərqlənən hərbi qulluqçular, xüsusi təyinatlı təhsil müəssisələrinin əslən Şəmkir rayonundan olan kursantları, gənc Cəsurlar və Şahinlər qoşun növlərinin bayraqları ilə birlikdə böyük izdihamın qarşısından keçiblər.

Sonra Azərbaycan Akademik Milli Dram Teatrının, Gəncə Dövlət Dram Teatrının, Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının və Gəncə Qarnizonu Zabitlər evi bədii kollektivlərinin iştirakı ilə teatrlaşdırılmış kütləvi mərasim başlayıb.

"Azəri türkləri" marşının sədaları altında meydana daxil olan Cümhuriyyət ordusunun piyada və süvariləri qiyafəsində olan əsgərlər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıblar. Xüsusi təyinatlılar da öz məharətlərini göstəriblər. Tədbirdə iştitak edən şəhid anaları döyüş postlarına yola düşən bir qrup əsgərə xeyir-dua verərək, onları yola salıblar.

Sonra Şəmkir rayonu ərazisində şəhid adını daşıyan təhsil müəssisələrinin bir qrup müəllim və şagirdi məşəllərlə əhatə olunmuş meydandan keçərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Sonda Şəmkir sakinlərinin öz şəxsi bağlarından topladıqları meyvə ilə dolu avtomobil birbaşa çətin dağlıq şəraitdə yerləşən bölmələrin şəxsi heyətinə göndərilib.

Mərasimdən sonra Gənclər Evində "Ordu ilə xalqın birliyi sarsılmazdır!" devizi altında musiqili-ədəbi məclis keçirilib.

Günün ikinci yarısında "Əsgər Şöhrəti" bayramı hərbi hissədə yerləşən Heydər Əliyev Mərkəzinin əsgər klubunda Xalq artisti İlhamə Quliyevanın iştirakı ilə keçirilən konsert proqramı ilə bədii hissəsi davam etdirilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər