10 May 2021 22:33
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un “Bir bazar günü” rubrikasının bu dəfəki qonağı Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanovdur.

Cavid müəllimlə Ağdaşdakı xatirələrindən, İcra hakimiyyətindəki işindən, YAP-dakı fəaliyyətindən, musiqi zövqündən, dostlarından, idmandan, seçicilərlə olan münasibətlərindən söhbət açdıq.

Onunla müsahibəni təqdim edirik:

- Cavid müəllim, sizinlə qeyri-iş günü görüşürük. Amma yenə də gündəlik iş qrafikinə uyğun fəaliyyətdəsiz. İstirahətə zaman ayıra bilirsinizmi, necə keçir deputatın bazar günü?

- Bazar günü digər günlərdən bir o qədər də fərqlənmir. İstənilən halda bazar günü deputat kimi ölkədə və dünyada baş verən hadisələrlə maraqlanıb reaksiya verməli oluruq. Bununla paralel olaraq vaxtımın daha çox hissəsini ailənin qayğılarına həsr etməyə çalışıram. İstirahət günü pandemiyadan öncə daha çox dostlarla da canlı ünsiyət qururdum. Amma pandemiyadan sonra dostlarla da onlayn şəkildə təmaslar yaradırıq. Çalışırıq ki, təmasları kəsməyək.

- Yəni deyirsiniz ki, bazar günü olsa da deputat kimi telefonum açıq olur...

- Bəli, mənim mobil telefonum hər zaman açıq olur. Ümumiyyətlə, tək bazar günü deyil, 24 saat telefonum aktiv vəziyyətdədir. Gecə də söndürmürəm.

- Bazar günü seçicilərdən zəng edən olurmu?

- Bəli, qeyri-iş günü hər zaman seçicilərimiz üçün açığıq. Onlar da bazar günü də, gecə saatlarında da zəng edirlər. Bu da anlaşılan bir məsələdir. Hansısa seçicimizi narahat edən bir məsələ varsa, o, telefon nömrəsini bazar günü əldə edib zəng edirsə, onu dinləmək bizim borcumuzdur.

- İstirahətinizi daha çox hansı şəraitdə təşkil edirsiniz?

- Deputatın iki yaşayış yeri var. Seçildiyi ərazi və onun yaşadığı ünvan. Mən bölgə deputatıyam. 90 saylı Ağdaş seçki dairəsindən deputat seçilmişəm. Eyni zamanda YAP Ağdaş rayon təşkilatının sədriyəm. Ona görə də, bazar günləri Bakıda və Ağdaşda olmağım bir növ işimizlə də bağlıdır. Ona görə də fürsət düşdükcə Ağdaşda, olmadıqda Bakıda ailəmlə istirahət edirəm.

- Deputat seçilənə qədər YAP xətti ilə tanınırdız. Amma Milli Məclisin üzvlüyünə seçildiniz və geniş bir auditoriyaya çıxış imkanı qazandınız. Hansısa komplekslər yaşamadız ki..?

- YAP təmsilçisi və partiyanın Ağdaş rayon təşkilatının sədri kimi hər zaman aktiv siyasətin içərisində olmuşam. Həttə ondan əvvəlki illərdə də gənclər təşkilatlarına rəhbərlik etmişəm. Sözsüz ki, parlamentdə təmsil olunduqdan sonra daha böyük auditoriyaya çıxmalı olursan. Siyasi arenada nə baş verirsə, gündəmdə olan məsələlərlə də maraqlanmaq siyasətçinin işidir. Ona görə də, heç bir çətinliyim olmadı. Çünki elə siyasətin içindən bu arenaya çıxış imkanı qazanmışıq.

- Ağdaşı parlamentdə təmsil edən Cavid Osmanovu daha necə tanımalıyıq?

- Ağdaşda doğulub boya-başa çatmışam. Orta təhsilimi də bu rayonda başa vurmuşam. Ali təhsilimi Dövlət İdarəçilik Akademiyasında almışam.

- Öz seçiminiz olub?

- Bəli, təhsilimi bitirdikdən sonra həyatım Ağdaşda davam etdi. Rayon Gənclər İdman İdarəsində işə başladım. Bir il sonra həmin idarəyə rəhbərlik etməyə başladım. 3 il idarənin rəisi kimi çalışdım. Daha sonra 7 aylıq bir dönəmdə Ağdaş icra hakimiyyətininin şəhər icra nümayəndəsi olaraq fəaliyyət göstərdim. Bundan sonra isə icra başçısının birinci müavini təyin olundum. Həmin vəzifəni icra edəndə 30 yaşım vardı. İndiki dövrlə müqayisədə 30 yaşda çox yüksək vəzifələrə təyinatlar almışam. Bu da ölkədəki gənclər siyasəti ilə bağlı idi. Amma etiraf edək ki, həmin dövr bu cür hallar çox az olurdu. 2007-ci ildən YAP Ağdaş rayon təşkilatının sədri vəzifəsini icra edirəm.

- Necə bir ailədə böyümüsünüz?

- Hər zaman elmə, təhsilə önəm verən bir ailədə böyümüşəm. Ailənin ən kiçiyi mənəm. 5 bacı-qardaşıq. Qardaşım, bacılarım hamısı ali təhsillidir. Bacımın biri Tibb Universitetini bitirib. İki bacım isə ADPU-da təhsil alıb. Qardaşım Bakı Dövlət Universitetinin məzunudur. Atam sovet dövrünün tanınmış ticarətçilərindən olub. Özü də ali təhsilli bir şəxs idi. Övladlarının da ali təhsil almasına hər zaman böyük maraq və diqqət ayırıb.

- Cavid Osmanov üçün istiqamət xətti, o obrazı yaradan və bu günə qədər arxasınca aparan amil kim, yaxud nə olub?

- Əslində bu istiqamət bizim ailədən gəlir. 15 iyun Milli Qurtuluş günü ulu öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi gün atam dedi ki, artıq bir valideyn kimi mən də bu dünyadan rahat köçə bilərəm. Çünki artıq əmin olurdu ki, bundan sonra Azərbaycan etibarlı əllərdə olacaq. Azərbaycanda bundan sonra əmin-amanlıq, sabitlik hökm sürəcək. Ona görə də ali təhsil almağımız və müxtəlif vəzifələrdə çalışmağımıza istiqamət verən atam olub. 1998-ci ildə atam rəhmətə gedib. 2000-ci ildə mən artıq ali təhsil diplomumu aldım. 2001-ci ildən isə Ağdaş Gənclər İdman idarəsində çalışmağa başladım.

- Pandemiya dövründə seçicilərlə əlaqə yaratmaqda hansı çətinliklərlə qarşılaşırsınız?

- Pandemiyanın daha çox tüğyan etdiyi dövrlərdə sözsüz ki, seçicilərlə də təmasları azaltmalı olurduq. Daha çox telefon və onlayn formatlarda seçiciləri dinləyirdik. Tək mən yox, bütün millət vəkilləri onlayn şəkildə görüşlərini həyata keçirib.

- Özünüzü əlçatan deputat hesab edirsinizmi?

- Bəli, mən seçicilərimə hər zaman təmasdayam. Deputat köməkçim də Ağdaşda oturur. Seçicilərimizin qaldırdığı bütün məsələləri diqqətdə saxlayırıq. Tam səmimiyyətlə deyirəm ki, mobil telefonum bir çox seçicilərimdə var. Hansı seçicimiz arzulasa, istədiyi zaman zəng edə bilir. Bunu açıq şəkildə özümüz təqdim etmişik. Ona görə də, bu məsələlərdə problemimiz yoxdur.

- Seçicilərin qaldırdığı məsələləri aidiyyatı üzrə təqdim etməkdə problemlər varmı?

- İndi heç bir çətinlik yoxdur. VI çağırış Milli Məclisinin tərkibi formalaşdıqdan sonra dövlət başçısı cənab Prezident tərəfindən də mühüm addımlar atıldı. Ötən ilin martında dövlət başçısı Milli Məclisdəki çıxışında mühüm məsələlərə toxundu. Eyni zamanda Prezident Administrasiyası ilə parlament arasında əlaqələr də yüksək səviyyədə qurulub. Ona görə də, parlament üzvləri tərəfindən yerli və mərkəzi icra orqanlarına ünvanlanan məktublar nəzarətdə saxlanılır. Hər hər hansı bir məktubda gecikmə olursa, bununla bağlı dərhal lazımi tədbir görülür.

- Seçicilərin müraciətləri daha çox hansı məsələlərlə bağlı olur?

- Zaman-zaman seçicilərin müraciətləri dəyişir. Dövr ötdükcə və hansısa məsələlər öz həllini tapdıqca, o istiqamətdə olan müraciətlərin də sayı azalır. Amma seçicilərin sözsüz ki, haqlı olaraq müraciət hüquqları var. İş məsələsi və digər mövzularla bağlı müraciətlər edilir. Amma bir faktı deyim ki, son zamanlar xəstəliklə, səhiyyə ilə bağlı mənə edilən müraciətlər azalıb. Bu da Ağdaş rayon Mərkəzi Xəstəxanasında da icbari tibbi sığortanın bir neçə il öncə pilot layihə olaraq həyata keçirilməsinin nəticəsi ilə bağlıdır. Bu seçicilərin səhiyyə ilə bağlı müraciətlərini sözsüz ki, azaldıb. Bunun faydasını da bir millət vəkili kimi vurğulaya bilərik.

- Millət vəkili olmaqla yanaşı siz də atasız. Ailənizdən bəhs edə bilərsiniz?

- Sözsüz (gülür). 25 yaşında ailə qurmuşam. İki qız övladım var. Hər ikisi hazırda ali təhsil alır. Böyük qızım Bakı Dövlət Universitetinin regionşünaslıq ixtisası üzrə 4-cü kursundandır. Kiçik qızım ADA Universitetinin I kursunda təhsil alır.

- Əhatənizdə olan dostlar daha çox hansı sferanın adamlarıdır?

- Məktəb illərindən, çalışdığım iş sahələrindən və YAP xətti ilə dostluqlarımız yaranıb. Milli Məclisdə də dostlarımız var. Parlament iş yerimizdir, daha çox orada oluruq. Xasiyyətlər və ideyalar üst-üstə düşürsə, dostluq daha da möhkəmlənir.

- İctimai şəxs kimi göz önündəsiniz, formada qalmaq üçün hansı qaydalara əməl edirsiniz?

- (Gülür). Sözsüz ki, Azərbaycanımızın zəngin mətbəxi var. Yemək də lazımdır. Amma bununla yanaşı aktiv həyat tərzi və idmanla da məşğul olmaq vacibdir. Stabil bir formaya düşdükdən istənilən yeməyi yemək olar. Gəzməyi çox sevirəm. Daha çox səhərlər və axşamlar piyada gəzintiyə çıxıram. Hansı günü gəzintiyə çıxa bilmirəmsə, özümü çox narahat hiss edirəm. Açıq havada gəzinti ilə yanaşı, qapalı məkanda idman alətlərində də idmanla məşğul oluram. Bununla da özümü rahat hiss edirəm. Amma elə gün olur ki, gəzə bilmirəm. Təkcə bazar günləri idman gəzintisinə çıxmıram.

- Geyimlə bağlı seçimləri necə edirsiniz?

- Elə də tünd rəngli geyimlər geyinmirəm. Xoşuma nə gəlirsə, mənim üçün rahatdırsa onu geyinirəm. Sevmədiyim geyim olduqda özümü narahat hiss edirəm. Açıq rəng geyimlərə daha çox üstünlük verirəm. Rəsmi tədbirlərdə sözsüz ki, daha çox tünd rənglərdən istifadə edirəm. Asudə vaxt geyimi isə rəngarəng olur.

- Sizin üçün mənəvi rahatlıq tapdığınız məkan haradır?

- Azərbaycanın hər yeri bizim üçün gözəldir. Sözsüz ki, doğulduğumuz, boy-başa çatdığmız ata ocağına mənəvi bir bağlılıq olur. Bu da insanda mənəvi rahatlıq yaradır. Vətənimizin hər bir daşı, dağı bizim üçün əzizdir, doğmadır.

- Maşın sürməklə aranız necədir?

- Özüm maşın sürməyi sevmirəm. Çox vaxt sürücü ilə rayona gedib-gəlirəm. Adi günlərdə belə maşın sürməyə həvəsli deyiləm.

- Musiqi ilə aranız necədir?

- Musiqidə konkret bir janra qulaq asmıram. Muğam, pop müsiqisi, xarici müsiqiləri də dinləyirəm. Ruhuma nə yaxındırsa, ona qulaq asıram. Bu, fərqli ola bilər. Bəzən insanlar konkret bir janr üzrə öz musiqi zövqlərini formalaşdırır. Amma mənim qarışıq zövqüm var. Muğama da qulaq asıram. Bəzən də gənclərin qulaq asdığı repə də, pop musiqiyə də qulas asıram.

- 8 may ərəfəsində görüşürük. Bu təqvim ermənilərin Şuşanı işğal tarixi kimi yaddaşlardadır. Amma bu gün Şuşa azaddır. Bu tarixi dönəmin əhəmiyyətini necə şərh edərdiniz?

- Bu, unudulmayan bir tarixdir. Biz bu tarixləri heç vaxt unutmamalıyıq. 2020-ci ilin noyabrın 8-ə qədər olan tarixdə biz Şuşanın ermənilər tərəfindən işğalını böyük ağrı ilə xatırlayırdıq. Amma çox şükür ki, artıq 8 mayı unutmamaqla Şuşanın azad olunduğun bir tarixi fəxarətlə qeyd edirik. Bu tarixləri də heç vaxt unutmamalıyıq. Gələcək nəsillərə də bunu ötürməliyik ki, bizdən sonra gələcək nəsil bu tarixləri unutmasın. Ulu öndər Heydər Əliyev hər zaman vurğulayrdı ki, biz öz torpaqlarımıza mütləq qayıdacayıq. Novruz bayramı tədbirində ulu öndərin məşhur bir deyimi vardı ki, “Biz bir il bayramımızı Şuşada digər illər isə başqa azad olunmuş rayonlarımızda qeyd edəcəyik. Çünki ümummilli lider qəlbən inanırdı ki, biz öz tarixi ata-baba yurdumuza mütləq qayıdacayıq. Məhz bu siyasi iradənin də nəticəsi olaraq torpaqlarımız erməni tapdağından azad edildi. 28 il sonra Azərbaycan xalqı tarixin ən şərəfli bir dövrünü yaşayır. Şuşanın azad olunduğu günü cənab Ali Baş Komandanın xalqımıza olan müraciəti sıradan bir tarix deyildi. Bu, böyük bir azərbaycançılığın obrazı idi. Cənab Prezidenti məhz “Ata Vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdim” deyə xalqımıza xitab etdi. Bu, möhtəşəm və unudulmaz bir tarix idi.

- Bu il ulu öndər Heydər Əliyevin doğum gününü Azərbaycan xalqı dövlətimizin öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmiş bütöv bir məmləkət kimi qeyd edir...

- Ulu öndərin gözəl bir sitatı vardı ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün ulu öndərin ruhu şaddır. Azərbaycan bu gün cənab Prezidentin rəhbərliyi ilə dünyaya bir günəş kimi saçır. Günün reallığında Azərbaycanın oynadığı rol, regionda və beynəlxalq arenada ölkəmizin mövqeyi daha da güclənib. Məhz ulu öndərin doğum günündə də böyük fəxrlə, qürurla danışacağımız güclü, stabil, bütöv bir Azərbaycan mövcuddur. Ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun rəhbəri, birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi və dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin təbliğində, multikulturalizm ideyalarının təbliği üçün mühüm addımlar atılır. Bütün bunlar isə Azərbaycan xalqının böyük öndəri Heydər Əliyevin görmək istədiyi və arzuladığı bir ölkənin reallıqlarıdır.

Foto: Ceyhun Rəhimov


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər