9 May 2021 18:14
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkinci Dünya müharibəsi əlillərinə və iştirakçılarına Prezidentin təqaüdləri təyin olunaraq ödənilir və ötən dövrdə bu təqaüdlər mütəmadi olaraq artırılıb.

Sosial Xidmətlər Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, növbəti artım kimi, dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanı ilə 2021-ci ilin əvvəlindən həmin təqaüdlər orta hesabla 50 faiz artırılaraq, I dərəcə əlilliyi olanlar üçün 400 manata, II dərəcə əlilliyi olanlar üçün 350 manata, III dərəcə əlilliyi olanlar üçün 300 manata çatdırılıb.

İkinci Dünya müharibəsi iştirakçılarına təqaüd iki dəfə artırılmaqla 300 manata çatdırılıb.

Prezidentinin aylıq təqaüdü ilə yanaşı, İkinci Dünya müharibəsi iştirakçıları pensiya (orta aylıq məbləği 415 manatdır) ilə təmin edilirlər. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanıb.

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım verilməsi barədə Prezident İlham Əliyev tərəfindən hər il 9 May - Qələbə günü ərəfəsində Sərəncam imzalanır. 29 aprel 2021-ci il tarixli Sərəncamla da Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat, Sərəncamda nəzərdə tutulan digər şəxslərə 750 manat birdəfəlik maddi yardım verilib.

Sərəncam ümumilikdə 5648 şəxsi əhatə edib, onlardan 159-u İkinci Dünya müharibəsi iştirakçıları, qalanları isə digər kateqoriyalardan olanlardır.

Bu maddi yardımın məbləği son illərdə müharibə iştirakçıları üçün 3 dəfə, döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə və s. görə medal və döş nişanı ilə təltif edilmiş şəxslər üçün 4 dəfəyə yaxın artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə İkinci Dünya müharibəsi əlillərinin mənzil və avtomobillə də təminatı həyata keçirilib.

Qeyd olunan kateqoriyaya aid vətəndaşların bərpa müalicəsi, sanator-kurort yollayışları ilə təminatı və s. sahələrdə də müvafiq işlər görülür, ehtiyac duyduqları hallarda onlara evlərində sosial xidmətlər də göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər