Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın xatirəsi anılıb.
Teleqraf.com xəbər verir ki, anım tədbirində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, diplomatlar, səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, Oleq Babakın valideynləri, yaxınları, yerli əhali, Poltava Şəhər Administrasiyasının rəsmiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə O.Babakın yaşadığı evə gələrək onun valideynlərinə baş çəkiblər. O.Babakın valideynləri Azərbaycan dövlətinin onların problemləri ilə həmişə yaxından maraqlandığını vurğulayıblar. Qeyd ediblər ki, Oleq Babaqın xatirəsi həmişə Azərbaycan xalqı tərəfindən əziz tutulur, yad edilir. Səfir Oleq Babaqın valideynlərinin qayğısı ilə maraqlanıb və onlara hədiyyələr təqdim edib.
Sonra tədbir iştirakçıları O.Babakın dəfn olduğu qəbiristanlığa gəliblər. O.Babakın Azərbaycanın Qubadlı rayonunda mülki şəxsləri erməni silahlılarından qoruyarkən göstərdiyi qəhrəmanlıqdan danışan səfir bildirib ki, o, yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür. Ermənilərin yerli sakinləri təhvil verib, geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. O, bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatını xilas edib.
Səfir vurğulayıb ki, artıq Oleq Babakın ruhu da şaddır, çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz işğalda olan torpaqlarımızı, o cümlədən Qubadlı rayonunu azad edib. Elmira Axundova qeyd edib ki, Qubadlının Yuxarı Cibikli kəndində Oleq Babakın adının əbədiləşdirilməsi üçün lazımi işlər görüləcək.
Sonra səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, Priyatin şəhər meri Andrey Simonov, ikinci katib Samir Allahverdiyev və digərləri çıxışlarında onun hərbi xidmətdə olarkən göstərdiyi şücaətlərdən danışıblar. Bildiriblər ki, bu gün Azərbaycan xalqı Oleq Babakın göstərdiyi qəhrəmanlığı unutmayıb.
Sonra tədbir iştirakçıları O.Babakın təhsil aldığı orta məktəbə gələrək muzeylə tanış olublar.
Qeyd edək ki, O.Babak 1967-ci il fevralın 25-də Ukraynanın Poltava vilayətində anadan olub. SSRİ xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan O.Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 1991-ci il aprelin 7-də Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra mülki şəxsləri qoruyub.
SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının leytenantı Oleq Babak SSRİ prezidentinin 17 sentyabr 1991-ci tarixli fərmanı ilə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.