5 May 2014 16:25
1 156
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədovanın vəkili Əfsər Talıbov çıxış edib. O, G.Əhmədovanın əməlində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin cinayət tərkibinin olmadığını deyib: “3 dəfə Milli Məclisə deputat seçilən G.Əhmədovaya saxta ittihamlarla cəza verilib. G.Əhmədovanın Sevinc Babayevanı cinayətdən yayındırması ilə bağlı verilən ittiham da əsassızdır. S.Babayeva İstanbulda sərbəst yaşayıb, o, Səlcuq Ağlayanla iş qurmaq üçün İstanbulda olub. Belə olan halda G.Əhmədovaya Cinayət Məcəlləsinin 307.2-ci maddə ilə ittiham verilə bilməz. G.Əhmədovanın Sevinc Babayevanın İstanbulda saxlanmasında rolu olmayıb".

Vəkil hər iki maddə ilə sabiq deputata bəraət verilməsini istəyib.

Daha sonra G.Əhmədova son söz deyib. O, vəziyyətinin ağır olmasına baxmayaraq, danışıb. Bildirib ki, ona yuxu dərmanı verilib, özündə deyil. O, əlavə vaxt istəyib. Amma hakim vaxt verməyib və bildirib ki, son söz deyilməlidir.

G.Əhmədova deyib ki, barəsində qanunsuz cinayət işi açılıb, cinayət işi üzrə zərərçəkmiş, mülki iddiaçı yoxdur: "Belə olan halda cinayət işi də olmamalıdır. Amma Bakı Ağır Cinayətlər Məhkəməsi mənə 3 il cəza verib. Hesab edirəm ki, bu, analoqu olmayan cinayət işidir. Sevinc Babayevanın cinayət işini bilib gizlətməyim barədə ittiham da əsassızdır. Səlcuq Ağlayan vasitəsi ilə S.Babayevanı gizlətməyim Türkiyə məhkəməsi tərəfindən sübuta yetirilməyib. Adamı dağda gizlədərlər. Sevinc Babayeva Türkiyədə rahat gəzib, öz işində olub. Mənim işimdə qanunsuz nəsə yoxdur ki, məhkəmədən bağışlamağımı xahiş edəm. Həbsdə saxlanmağımı istəyirsinizsə, saxlayın. Mənim üçün vacib olan Azərbaycan dövlətidir. Prokuror çıxışında Avropa Məhkəməsinin qərarlarına istinad etdi. Prokuror bir şeyi yadında saxlasın ki, Avropaya gedən yolu çoxlarından yaxşı bilirəm. Mənim heç bir günahım yoxdur. Elşad Abdullayev də, Gülər Əhmədova da Azərbaycan dövlətçiliyinə qurban olsun. Mənim həbsim dövlətimiz üçün lazımdırsa, həbsdə də saxlayın, güllələnmə də verin. Elşad Abdullayev Azərbaycan dövlətinin düşməni, mən isə dövlətçiliyimizin müdafiəsində dayanan adam olmuşam. Buna baxmayaraq, onun dediyi olub. Prezidentdən və hakimdən kömək istəməzdim. Amma ailəmin vəziyyəti ağırdır. Prezidentə və hakimə müraciət edirəm. Onlardan ədalət və mərhəmət istəyirəm”.

Hakimlər müşavirə otağına gediblər. Yaxın saatlarda qərar elan olunacaq.

Hacı


Müəllif: