Azərbaycanın əməkdar jurnalisti, publisist, nasir Svetlana Nəcəfova vəfat edib.
O, 83 yaşında dünyasını dəyişib.
Mətbuat Şurası S.Nəcəfovanın vəfatı ilə əlaqədar nekroloq yayıb.
Qeyd edək ki, S.Nəcəfova 1938-ci il anadan olub. 1955-1960-ci illər Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Ali məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə o zamankı “Pioner” jurnalında başlayıb. Burada 15 il ərzində texniki redaktor və şöbə müdiri olub. 1973-1977-ci illərdə "Azərbaycan qadını" jurnalı redaksiyasında şöbə redaktoru, 1977-1992-ci illərdə isə baş redaktorun müavini vəzifələrində çalışıb. 1996-2003-cü illərdə "Respublika" qəzeti redaksiyasında şöbə müdiri olan jurnalist 2003-2008-ci illərdə televiziya sahəsində çalışmaqla da zəngin peşə yolu keçib.
S.Nəcəfova ədəbi yaradıcılığa ötən əsrin 60-cı illərindən başlayıb. Çoxsaylı oçerk və hekayələr, dərin məzmunlu publisistik məqalələr, kitablar müəllifi olan həmkarımızın əməyi ali səviyyədə yüksək qiymətləndirilib. O, “Əməkdə fərqlənmə görə” medalına, fəxri fərmanlara, müxtəlif mükafatlara və əməkdar jurnalist fəxri adına layiq görülüb.
Allah rəhmət eləsin!