Teleqraf.com-un “Kitabxana” rubrikasının qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.
Onunla müsahibəni təqdim edirik.
- Qarşınızda kitablar görürəm, belə başa düşdüm ki, mütəmadi olaraq kitab oxuyursunuz... Sonuncu oxuduğunuz kitab hansıdır?
- Sonuncu dəfə türkiyəli şumerşünas Muazzez İlmiye Çığın kitabını oxumuşam. Onun yazılarını ayrı-ayrı məqalələr halında oxumuşdum, bu yaxınlarda bütün külliyyatını əldə etdim. Çox maraqlı kitabları var. Bəşər sivilizasiyasının mənbəyi kimi qəbul edilən şumerlərdən, onların yaratdığı mədəni irsdən, yazılı abidələrdən söhbət açır.
Bu gün dünyada hakim olan dini ideologiyaların əsasını təşkil edən səmavi kitablarda öz əksini tapmış tarixi hadisələrdən bəhs edir. Muazzez İlmiye Çığ səmavi dinlərin mətnlərinə transfer olunmuş, oradan götürülmüş hekayələri ayrıca kitabda cəmləşdirib. Kitabın adı "Quran, İncil və Tövratın şumerdəki kökləri" adlanır.
İkinci məsələ isə bizim milli yaddaşımızla bağlıdır. "Şumerlərdə tufan, tufanda tüklər" kitabında qədim şumer kitabələrində baş vermiş təbiət hadisələrindən, həm də orada bizim millət olaraq iştirakımızdan bəhs edən məsələlərə toxunub.
Muazzez İlmiye Çığın "Hetitlər və Hattutşa" və "Sivilizasiyaların kökü Şumerlər" adlı kitablarını da mütaliə edirəm.
- Nəyə görə məhz bu kitablar?..
- Özümü dərk edəndən mütaliə etdiyim romanlar əsas etibarilə tarixi janrda yazılmış romanlardır. Bu həvəsi məndə Vasili Yançevsikinin əsərləri yaradıb. Vasili Yan polyak mənşəli rus şərqsünasıdır. Onun sovet dövründə məşhur trilogiyası vardı - "Çingiz xan", "Batıxan", "Sonuncu dənizədək" . Mənim tarixə olan həvəsim, milli keçmişimizi bilmək arzum bu tarixi əsərləri oxumağa vadar edib.
Nəhayət, mən Vasili Yançevsikinin "İgidliyin qanadlarında" kitabını oxudum. Azərbaycanla bağlı maraqlı epizodlar var. Peterburqdan Aşqabada gedən zaman Bakıdan keçir, Bakını təsvir edir. Aşqabad şəhərində rusların Türküstan hərbi bazasında general-qubernatorun mirzəsi vəzifəsində işləyir. Aşqabadda yaşayan azərbaycanlıların məişətindən bəhs edir. Deməli, həmin dövrdə rus generalları at yarışları təşkil edir və istəyirlərmiş ki, onları yarışda azərbaycanlı təmsil etsin. Çünki Aşqabadda ən yaxşı atlar azərbaycanlılarda idi.
Mənim ilkin dünyagörüşüm sovet dövrünə təsadüf edir. 1991-ci ildə sovetin dağılması ilə sosial sistem çökdükdən sonra hər bir postsovet xalqı kimi azərbaycanlıların da milli özünüdərk problemləri vardı.
Mən Ermənistanda anadan olmuşam. Orada ermənilər bizə türk deyirdilər, bizsə deyirdik ki, azərbaycanlıyıq. Belə olan halda ilk növbədə milli kimliyimlə bağlı suala cavab tapmalı idim. Sovet dövründə orta təhsil prosesində biz Azərbaycan tarixini sadəcə 100 səhifəlik kitabdan öyrənirdik.
Mənim millətimin kimliyi ilə bağlı çox suallarım vardı. Təəssüf ki, o dövrdə ədəbiyyat qıtlığı yaşanırdı, tarix siyasiləşdirilmişdi.
- Tarixdə sevdiyiniz lider kimdir?
- Tanrı bizi xoşbəxt xalq yaradıb. Bu səbəbdən lider seçimində çətinlik çəkmirik. Dövrlərin qarışdırmamaq şərtiylə hər zamanın öz liderini qiymətləndirmək obyektiv kriteriyadır.
Sevdiyim ən böyük tarixi şəxsiyyətlərdən biri Göytürk hökmdarı Metedir. Hər kəs imperiya qura bilməz, amma çoxları imperiya qurublar. Lakin tarixi şəxsiyyətləri fərqləndirən xüsusiyyətlərdən biri onların qurduğu imperiya və dövlətin varisliliyinin təmin olunmasıdır. Mete bütün Çini işğal edir, hamı elə bilir ki, hunlar Çində qalacaq.
Lakin işğaldan dərhal sonra vergi və digər məqamlarla bağlı müqavilə imzalayıb geri çəkilirlər. Sonralar hamının təəccübünə səbəb olan hərəkətlə bağlı Mete deyir ki, biz əgər orada qalsaydıq, xalqım ziyan çəkərdi. Dövlət xadiminin böyüklüyü odur ki, gələcəyi əvvəlcədən görə bilsin...
İkinci liderim Atilladır. Düşünürəm ki, Atilla ilə ruh bağlılığım var. Məhz Atilla dövrü artıq ikinci Hun dövrüdür. Atilla tarixə öz möhürünü vurub.
Müasir dövlətçilik tarixindən danışanda mənim ən çox sevdiyim dövlət xadiminin Heydər Əliyev olduğunu vurğulamalıyam. O lider xoşbəxtdir ki, qurduğu dövlət yaşayır. Dövlətçilik ənənəsinin davam etməsi bu gün Azərbaycan üçün böyük bir qürur mənbəyidir.
- Hansı dillərdə kitablar oxuyursunuz?
- Əsasən Azərbaycan, rus və türk dillərində oxuyuram. İngilis dilində sürətli oxuya bilmədiyimə görə tez bezirəm. Bəzən özbək, qırğız, türkmən türkcəsində də oxuyuram. Şifahi nitqdə başa düşülməsi çətin olan sözləri yazılı dildə rahat oxuyursan, çünki dilin kökü eynidir.
- Elə kitab varmı ki, vaxt ayırdığınız üçün təəssüflənmisiniz?
- Rabindranat Taqorun hekayələrini oxudum. Təəssüfləndim ki, gərək onları oxumazdım. İnsanı o qədər çarəsiz təsvir edir ki, az qala oxucu da özünü günahkar hesab edir. Qəribə ruhi təzad yaradır...
- Xaricdən kitab alırsınız?
- Xarici səfərlərimdə yadda qalan hadisələrdən biri Sankt-Peterburq şəhərində olmuşdu. 1 saat 22 dəqiqə kassa qarşısında növbə gözləməli olduq. Kitab almışdım və növbəm çatana qədər mütaliə etdim. Ötən müddəti itirilmiş vaxt hesab etmədim.
İstanbul səfərlərinin birində Taksim meydanında kitab sərgisi keçirilirdi. Akademik İsa Həbibbəyli ilə vaxtımızı orada keçirdik və qayıdanda çantalarımız kitabla dolu idi.
- Kitabları birlikdə təhlil etdiyiniz dostunuz varmı?
- Bu mənada bir qədər eqoistəm. Yalnız ailə ortamında kitabları təhlil edirik. Mən oxuduğum kitabları ən çox həyat yoldaşımla müzakirə edirəm. Hətta öz yazdığım kitablar haqqında da onun şərhi mənə çox maraqlı gəlir. Obyektiv tənqidçidir...
Bu yaxınlarda "Türk tarixi və mifoloji görünüşündə atlar" və "Qara duman" kitablarım nəşr olundu. İlkin rəyçi həyat yoldaşım çıxış etdi.
- Qeyd etdiniz ki, kitab müzakirəsində bir qədər eqoistsiniz. Bu, nədən qaynaqlanır?
- Mən kitab oxuyan zaman həm də oradakı hadisələri xəyalımda canlandırıram. Kiminsə oraya müdaxiləsini beynimdə yaratdığım təxəyyül məhsulu olan mühitə kənardan qarışmaq kimi qiymətləndirirəm.
Buna görə düşünürəm ki, oxuduğum kitab haqqında təsəvvürlərim müstəqil əsasda olmalıdır. Kimsə ona müdaxilə edəndə hesab edirəm ki, müstəqilliyimə toxunur.
- Hansı yazarları oxuyursunuz?
- Fikrimcə, Azərbaycan ədəbiyyatında çox nadir incilər var. Onlardan biri də Əbdürrəhim bəy Haqverdiyevdir. Onun əsərlərində mövzu obyekti həm də Qarabağdı deyə torpaqlarımız işğal altında olanda mən onun əsərlərini tez-tez oxuyurdum. Məsələn, "Xortdanın cəhənnəm məktubları" əsərini dəfələrlə oxumuşam. Orada maraqlı təsvirlər var.
İkinci yazarımız Yusif Vəzir Çəmənzəminlidir. Azərbaycan ədəbiyyatında leksik fondu ən zəngin yazıçılardandır. Azərbaycanda roman yazan zaman ən çox söz işlədən iki yazıçı var - Məmməd Səid Ordubadi və Yusif Vəzir Çəmənzəminli. Amma nəzərə alaq ki, Yusif Vəzir Çəmənzəminli həm də diplomat idi, fransız dilini bilirdi. Onun əsərlərində milli yaddaşımızın alt qatları var. "Qızlar bulağı" əsərində bizim tariximizə, şamanizm dönəminə qədər enə bilir. Bu gün Azərbaycanın çox az rayonlarda qorunub saxlanmış ənənələr bu əsərdə əksini tapıb.
Dünya klassikasına gəldikdə düşünürəm ki, Dostoyevskinin tayı-bərabəri yoxdur. Dostoyevski az qala öz yazıçımız deyə biləcəyimiz mütəfəkkirlərdəndir. Slavyanlaşmış zadəgan qıpçaq ailəsindəndir. Soyadının "Dost", ata adının Mirzə olması da bunun milli etnik əlamətləridir. Onda slavyan və Turan etnosunun hibridləşməsi var.
- Hansı əsəri çox bəyənmisiniz və o obrazda özünüzü tapmısınız?
- Adətdən, əsərləri oxuyanda özümü obrazların yerinə qoymağa çalışmıram. Çünki məndən qabaq bunu müəllif edib. Heç kəsə şərik olmağı sevmirəm.
Kitabın adını unutmuşam, Kuriçur obrazı vardı. Bu obraz bir şahzadədir. Qoşunları düşmənə məğlub olur, dövləti dağılır. Ən son anda obasını götürür, dağın yamacına sığınır. Uzaqdan görür ki, düşmən qoşunu üzərinə gəlir. Atını minir, təkbaşına qoşunun üzərinə atını çapır.
O obraz mənim üçün vətənsevərlik, qəhrəmanlıq, cəsarət, təmənnasız özünü vətəninə fəda etməkdir. Arzu edirəm ki, vətən üçün hər bir azərbaycanlı qorxmaz olsun.
- Neçə kitabınız var?
- 4 minə yaxın... Düşünürəm ki, az deyil.
- Kitabxananızda sevimli kitabınız hansıdır?
- Xüsusi həvəslə kitab rəfimin küncünə yığdığım Cek Londonun əsərləridir. Eyni zamanda Azərbaycan, rus və türk klassikləridir. Bunları həvəslə oxuyuram. Biz o vaxt rus klassikasını rahatlıqla əldə edirdiksə, türk dünyasına məxsus əsərləri almaq çox çətin idi.
- Hansı kitabı kiməsə verməyə qıymırsınız?
- Murad Ardıcının "Qıpçaq çölünün yovşanı" adlı kitabı var. Mən bu kitabı dostumdam almışam və ona qaytarmamışam. Kitab bu gün də məndədir, amma ondan gizlətmişəm.
Əsərdə çox maraqlı hadisələr var. Orada məni böyük qıpçağa səsləyən ruhu duyuram. O kitabı hər gün rəfində görməsəm, özümü narahat hiss edərəm. .
- Siyasi motivdə kitablar yazmısınız. Maraqlıdır, bəs sandıq ədəbiyyatınız var?
- Əsasən elmi, siyasi-publisistik kitablar yazmışam. Sandıq ədəbiyyatım da var. Bu qeydlərimi kitaba çevirməkdən qorxuram. Nəşr etdirsəm, necə qarşılanacağını, qəbul edilib-edilməyəcəyini bilmədiyim üçün o qeydləri kitaba çevirmirəm.
- Gənclərin hazırkı mütaliəyə marağı sizi qane edirmi?
- Bir müddət əvvəl bu sualı versəydiniz, deyərdim ki, qane etmir. Əslində, bu, çox ciddi problemdir. Lakin düşünürəm ki, ümumi vizual görüntüdən məntiq çıxarıb, narahat olmağa dəyməz. Bütün hallarda hər dövrün gəncliyi yenilikçi olur. Mən də gənc olanda öz dövrümün yenilikçisi olub, məndən əvvəlki nəslə mühafizəkar kimi baxmışam.
Gənclərimizin real durumunu öyrənəndən sonra mənə aydın oldu ki, kimin mütaliəni haradan etməsinin fərqi yoxdur, istər kitab, istər telefon, istər kompüter olsun... Fikrimcə, hazırda gənclər çox mütaliə edirlər, özü də mütaliəni kitabla məhdudlaşdırmırlar.
- Özünüz elektron kitablar oxuyursunuzmu?
- Bəli. Mütaliə etmək üçün əlavə mənbələr çoxdur.
- Kitabxanaya gedirsiniz?
- Çox tez-tez gedirəm. Az qala hər həftə kitab mağazalarına baş çəkirəm. Heç bir işim olmasa da, mağazada kitablara baxıb çıxıram.
- Hansı yazışıdan imzalı kitabınız var?
- Kitabxanamda mənim üçün dəyərli kitab var - "Davam edir 37" , Xəlil Rza Ulutürk imzalı hədiyyə edib. Çingiz Aytmatovun imzalı kitablarını rəfimin xüsusi köşəsində saxlayıram. Mənə elə gəlir ki, o qırğız yox, Azərbaycan yazıçısıdır. Çingiz Aytmatov mənə çox doğmadır. Bu, ortaq milli kimliyimizdən qaynaqlanır.