Türkiyənin “Akşam” qəzetinin 12 iyul 1944-cü il tarixli sayında maraqlı bir xatirəyə rast gəldim.
Azərbaycan əsilli Məhəmmədşərif Bilgəxana aid olan bu yazı Osmanlı Türkiyəsinin məşhur yazıçısı, jurnalisti Əhməd Midhəd əfəndinin soykökü ilə bağlı idi.
Belə ki, 1944-cü ildə yazıçının doğumunun yüzüncü ildönümü olduğu üçün mətbuatda bu məsələ işıqlandırılıb, “Akşam” qəzeti də materiallar dərc edib. Həmin materialları oxuyan Bilgəxan qəzetə məktub ünvanlayıb.
***
Məhəmmədşərif Mehdi əfəndi oğlu Əfəndizadə (Türkiyədə Mehmet Şerif Bilgehan) 1887-ci ildə Şamaxıda doğulub, buradakı üsuli-cədid məktəbində oxuyub.
Orta təhsilini Bakıda rus-türk məktəbində alıb, ardınca İstanbula yollanıb. 1910-cu ildə İstanbul darülmüəlliminin rüşdiyyəsini əla dərəcədə bitirib.
Həmin il Osmanlı vətəndaşlığını qəbul edən Məhəmmədşərif Ədirnə və Bursada müəllimlik edib, 1913-cü ildə Osmanlı Maarif Nəzarəti tərəfindən təhsilini artırmaq üçün Avropaya göndərilib.
O, İsveçrədə Cenevrə universitetinin pedaqogika şöbəsi olan Jan Jak Russo Tərbiyə İnstitutunda təhsil alıb.
1917-ci ildə təhsilini tamamlayan Əfəndizadə həmin il İzmir müəllim məktəbinə müdir təyin edilib. 1919-cu ildə Sivas liseyinə müdir göndərilib, daha sonra isə artıq müstəqil olan Azərbaycana qayıdıb.
Hələ təhsil aldığı illərdə Təşkilati-Məxsusə kimi qurumlarda təmsil olunan Əfəndizadə Müsavat partiyası üzvləri ilə əlaqədə olub, onlara müəyyən işlərin görülməsini təklif edib. Bu barədə Məhəmmədəli Rəsulzadənin xatirələrində maraqlı bilgilər var.
Azərbaycanda olduğu müddətdə Əfəndizadə Maarif nazirliyində çalışıb, daha sonra Azərbaycanın İsveçrədəki səfiri təyin edilib. Lakin ölkə işğal olunduğu üçün bu təyinat baş tutmayıb və Əfəndizadə Türkiyəyə qayıdıb. Bir müddət Samsunda işləyib, 1924-cü ildə İstanbul Üsküdar kişi liseyində fransız dili müəllimi kimi fəaliyyətə başlayıb. 1952-ci ildə təqaüdə çıxıb. Əfəndizadə 1954-cü ildə vəfat edib.
1921-ci ildə İstanbulda “Azərbaycan və inqilabı” əsərini yazan Əfəndizadə bu kitabında və bir çox məqalələrində Azərbaycan hökumət üzvləri əleyhində fikirlər də ifadə edib. Onun Azərbaycandakı əsas fəaliyyəti Türkiyədən gələn müəllimlərin cəlbi olub. Onun haqqında professor Ədalət Tahirzadə və türkiyəli tədqiqatçı Ömər Özcan geniş məqalələr qələmə alıblar.
***
“Akşam” qəzeti redaksiyaya daxil olan məktubdan bu şəkildə bəhs edib:
“İstanbulda, Taksim liseyində fransız dili müəllimi olan Şərif Bilgəxan göndərdiyi məktubunda belə deyir:
“Mərhumun tərcümeyi-halında əskik bir cəhət olduğundan onu bildirmək istəyirəm. Midhəd əfəndinin İstanbulda Tophanə səmtində doğulduğu yazılarkən atasının haradan olduğu zikr edilmir. Bu cəhəti mən şəxsən özündən dinlədiyim üçün sizə anladıram. 1910-cu ildə mən İstanbul darülmüəllimində oxuyarkən ara-sıra darülfünuna da gedir, oradakı dərslərə də girirdim. Bir gün Əhməd Midhəd əfəndinin “Dinlər tarixi” dərsində idim. Dərs əsnasında ona bir sual verdim. Cavabına etiraz etdiyim üçün aramızda bir neçə dəqiqəlik münaqişə oldu. Şivəmin fərqinə vararaq haralı olduğumu soruşdu. O zamanlar azəri və Azərbaycan təbirləri olmadığı üçün dağıstanlıyam demişdim.
Dərsdən çıxdıqdan sonra dəhlizdə məni yanına çağıraraq iltifat etmiş və söhbət edərək müəllimlər otağına aparmışdı. Dağıstanın harasından olduğumu soruşdu.
“Şirvanlıyam” dedim. “Ağdaşı tanıyırsanmı?” deyə soruşdu. Ona yerini izah etdim. Gəncə vilayətinin Şəki sancağına tabe olan bir qəza olduğunu və digər xüsusiyyətlərindən bəhs etdim.
Mənə belə dedi: “Mən oralıyam, atam oradan hicrət etmişdir. Orada əqrəbalarım vardı. Bilmirəm indi nə haldadırlar. Bir neçə il əvvəl onlardan biri gəlmişdi. Məkkəyə gedirdi. Görüşdüm... Gənc olsaydım, bir dəfə gedib oraları görmək istəyərdim... Mənim evim Beykozdadır. Arabir yanıma gəlsən şad olaram”.
O gün məni xeyli tərifləmişdi. Onun mənə söylədiklərini eynilə sizə yazdım. Qafqazdakı Ağdaş Anadoludakı Konya və Sivas kimi xalis türk məmləkəti olduğu üçün Əhməd Midhəd əfəndi də xalis bir türkdür.
***
Bilgəxanın Ağdaşdan olduğunu qeyd etdiyi Əhməd Midhəd əfəndi 1844-cü ildə İstanbulun Tophanə səmtində doğulub. İslam Ensiklopediyasında atasının Anadoludan gəldiyi, anasının isə rus işğalından sonra 1829-cu ildə Qafqazı tərk edən bir ailədən olduğu yazılıb.
Atasının vəfatından sonra 1857-ci ildə böyük qardaşının çalışdığı Vidin şəhərinə gedib. İlk təhsilinə orada başlayıb, 1861-ci ildə Tophanədə tamamlayıb. Rüşdiyyə təhsilini Niş şəhərində alıb. Midhəd paşanın güvənini qazandığı üçün paşa ona öz adını verib, fransız dilini öyrənməyə yönləndirib. Qərb mədəniyyətini mənimsəyən Əhməd Midhəd “Tuna” qəzetinin mühərriri, ardınca Baş mühərriri olub.
1869-cu ildə Midhəd paşa Bağdad valisi təyin olunduğu zaman onu və qardaşını da özü ilə bərabər aparıb. Burada “Zevra” qəzetinin müdiri olan Əhməd Midhəd ilk kitablarını yazıb. Qardaşının vəfatından sonra 1871-ci ildə İstanbula qayıdıb. Qəzet və mətbəə işi ilə məşğul olan Əhməd Midhəd “Devir”, “Bedir”, “Dağarcık” kimi məcmuələr nəşr edib.
“Dağarcık”da yazdığı bir yazısına görə İslam dininin əleyhinə fəaliyyətdə ittiham olunub, 1873-cü ildə Rodosa sürgün edilib. Sürgündə ikən uşaqlar üçün məktəb quran Əhməd Midhəd burada ilk romanlarını nəşr edib.
V Muradın taxta çıxmasından sonra əfv edilən Əhməd Midhəd İstanbula qayıdıb, 1878-ci ildən “Tərcümani-Həqiqət” qəzetini çıxarmağa başlayıb. II Əbdülhəmid dövründə də müxtəlif vəzifələrdə çalışan Əhməd Midhəd 1889-cu ildə Stokholmda toplanan şərqşünasların qurultayına gedib, Avropanı gəzib.
II Məşrutiyyətdən sonra darülfünunda (universitetdə) din, tarix, fəlsəfədən dərslər verib. Məhəmmədşərif də məhz bu zaman ondan dərs alıb.
Əhməd Midhəd əfəndi 28 dekabr 1912-ci ildə İstanbulda vəfat edib, Fateh məscidinin yanındakı məzarlıqda dəfn edilib. O, “Həsən Məllah”, “Hüseyn Fəllah”, “Parisdə bir türk”, “Qafqaz”, “Fəlatun bəy və Rakım əfəndi” kimi romanların müəllifidir.
Şübhəsiz ki, Bilgəxanın qəzetə göndərdiyi bir məktub yetərli qaynaq deyil. Çünki Bilgəxanın bir sıra məqalələrindəki iddialar qərəzli şəkildə olduğu üçün onun digər yazdığı məqalələrə də şübhə ilə yanaşmağımızı tələb edir. Amma buna baxmayaraq onun Əhməd Midhəd əfəndinin soykökü ilə bağlı yanlış məlumat vermə zərurəti də yoxdur.
Qaynaq:
1. Misir Mərdanov, Ədalət Tahirzadə. “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar”. II cild, Bakı, 2019.
2. “Akşam” qəzeti, sayı 9243, 12 iyul 1944
3. https://islamansiklopedisi.org.tr/ahmed-midhat-efendi