19 May 2021 11:22
5 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Dəmir Yolları" QSC-nin təşkilatçılığı ilə media nümayəndələrinin Qəbələ Dəmiryol Vağzalına mediaturu təşkil edilib.

Teleqraf.com xəbər verir ki, Bakıdan Qəbələyədək 311 kilometrdən ibarət olan dəmiryolu xətti ilə qatar 3 saat 20 dəqiqəyə mənzil başına çatır. Ləki stansiyası–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanıb.

ADY-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramovanın sözlərinə görə, dəmir yolu xəttində İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunur: "Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlarda ümumi sərnişin yerlərinin sayı 363 nəfərlikdir. Bu yerlərdən 293-ü standart, 61-i biness, 9-u isə birinci klass yerlərdir".

İstismara hazır vəziyyətdə olan stansiya pandemiyadan sonra sərnişinlərin ixtiyarına veriləcək.

Natəvan Bayramova qeyd edib ki, pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb: "Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib. Qatarlarda sərnişin biletlərinin qiymətləri barədə yaxın zamanda ictimaiyyətə məlumat çatdırılacaq".

Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib ki, Ləki–Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir: "Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir. Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının artırılması baxımından önəmlidir.

Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turistik mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə destansiyalardandır. Çünki burada həm qış, həm də yay turizmi üçün yetərli imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil".

Bildirib ki, son 36 ildə Balakən istiqamətində yeni dəmiryolu stansiyası inşa edilmişdirsə, müstəqillik dövründə Bakı-Qəbələ dəmir yolu stansiyasının tikilməsi müsbət haldır. Mövcud potensialını nəzərə alsaq Qəbələyə turist axını sürətləndirəcək".

Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakı-Qəbələ ilə istiqamətində qatarların biletlərinin qiymətləri barədə öz proqnozlarını əlavə edib: "Rəsmi olaraq bu istiqamətdə sərnişinlər üçün gediş haqqı açıqlanmasa da, mənim proqnozlarıma görə Bakıdan Qəbələyə olan məsafə ilə Bakıdan Gəncəyə olan məsafə arasında ciddi fərq olmadığı üçün qiymətlər eyni ola bilər".

Qeyd edək ki, Bakı-Gəncə qatarında standart, biznes və birinci klass vaqonlar üçün qiymətlər uyğun olaraq 10, 50 və 100 manatdır.


Müəllif: Aysel Azad, Foto: Ceyhun Rəhimov

Oxşar xəbərlər