Bütün fəaliyyətmiz və hədəfimiz odur ki, vaksinasiya prosesi sürətlənsin, epidemioloji şərait yaxşılaşsın. Bununla da karantin qaydalarını yumşaltmaq mümkün olsun. Vaksinasiyanın sürətləndirilməsi üçün hökümət tərəfindən də tədbirlər genişlənməlidir. Bununla yanaşı maarifləndirmə işi aparılmalıdır. İnsanların daha həvəslə vaksinasiyadan keçməsi təşviq olunmalıdır. Hansı ölkələrdə əhalinin 50 faizindən çoxu vaksinasiya olub və yaxud yoluxaraq, immunitet qazanıb orada karantin qaydaları yumşaldılır. Bununla da həyat əvvəlki qaydasına qayıdır.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, əsas hədəf təhlükənin aradan qaldırılması olmalıdır:
“Karantin qaydaları ona görə saxlanılır ki, insanlar daha çox virusa yoluxmasın. Virusdan ölüm və ağırlaşma halları olmasın. Yoluxmada mövcud rəqəmlər aşağı düşməyəcəksə, ölüm sayı azalmayacaqsa, karantin rejimində uzun müddət qalmalı olacağıq. Artıq havalar isinib. Maskadan imtina edək, karantin qaydaları ləğv edilsin - kimi tələblər eşidirik. Amma sual olunur ki, vaksinasiyadan keçmisinizmi? Ətrafdakıların vaksinasiyası haqqında məlumatınız varmı? Dövlət üçün də maraqlı deyil ki, karantin rejimi uzun müddət qalsın. Çünki iqtisadiyyat bundan ziyan görür. İnsanların sosial vəziyyəti gərginləşir. İqtisadi perspektivlər sual altına düşür. Bütün bunlar hökuməti narahat edən məsələlərdir. İnsanlar istəyirsə ki, daha tez karantin rejimindən çıxaq, vaksinasiya prosesində aktiv iştirak etsinlər”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda kifayət qədər vaksin ehtiyyatı mövcuddur:
“Cənab Prezident bu məsələni daim diqqətdə saxlayır. Artıq bir neçə ölkədən də effektiv vaksinlər gətirilib. Sadəcə prosesin ləng getməsi bəzi narahatlıqlar yaradır. Bu imkan vermir ki, qısa müddətdə karantin rejimi yüngülləşsin. Yay fəsli gəlir. İnsanlar istirahət etməlidir. Xüsusən də toyların keçirilməsi artıq sosial sifariş kimi ortadadır. Amma gərək epidemioloji şərait buna imkan versin. Bu səbəbdən də hər bir vətəndaş vaksinasiya prosesində aktiv olmalıdır. Praktika da göstərir ki, yarım ildən çoxdur başlayan vaksinasiyada ağırlaşmalar və mənfi hallar yaşanmayıb. Ona görə də əsas hədəf, vurğu vaksinasiyanın üzərində qoyulmalıdır”.
Musa Quliyev toy məclislərinin keçirilməsi ilə bağlı tələblərə də aydınlıq gətirib:
“Vaksinasiyadan keçməklə bu prosesləri reallaşdırmaq olar. Artıq bir çox ölkələrdə vaksin pasportu deyilən bir tələb var. Ona görə də Operativ Qərargahın toylarla bağlı bir normativ şərtlər müəyyənləşdirməsi daha məqbul olardı. Əgər lazım olsa, vaksin pasportu bizdə də tətbiq olunsun. Elektron sistemlər vasitəsilə şadlıq evlərində insanların vaksinasiyadan keçib-keçmədiyini yoxlamaqla və digər zəruri mexanizmləri tapmaqla toyların bəlli normalarla təşkilinə imkan yaratmaq olar. Əsas hədəf o olmalıdır ki, insanların yoluxması minimuma ensin”.