“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsində Şuşanın bərpası, yenidən qurulması, iqtisadi inkişaf məsələləri öz əksini tapıb. Şuşada olan mülkiyyətin, tarixi abidələrin qorunması və bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsi məhz qanunvericiliklə tənzimlənəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O bildirib ki, Şuşanın böyük iqtisadi potensialı mövcuddur:
“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, iqtisadi, turizm baxımından da böyük əhəmiyyətə malikdir. Qanun layihəsi Şuşa iqtisadiyyatının inkişaf etdirilməsi, sərmayələrin cəlb edilməsini özündə ehtiva edir. Eyni zamanda sahibkar-dövlət münasibətlərinin tənzimlənməsi, əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur”.
Komitə üzvünə görə, Şuşa fasiləsiz turizm xidmətlərini təmin etmək imkanına malikdir:
“Bu şəhərin böyük yay-qış turizm potensialı mövcuddur. Eyni zamanda dini, mədəni, tarixi, hətta müalicəvi turizm xidmətləri təklif etmək imkanları da var. Bu istiqamətdə qanunun qəbul edilməsi də məhz turizm daxil olmaqla iqtisadi potensialın yüksəlməsinə imkan yaradacaq. 1992-ci il erməni işğalına qədər Şuşa regionda Şərq musiqi alətləri istehsal edən yeganə fabrikə malik idi. Bununla da mədəni emaledici sahənin inkişafı da təmin edilmiş olacaq”.
Vüqar Bayramov hesab edir ki, Şuşada qoruğun yaradılması da iqtisadi, mədəni, strateji baxımından bütövlükdə şəhərin inkişafını, qorunmasını, bərpasını nəzərdə tutur:
“Qanun qəbul edildikdən sonra mülkiyyət münasibətləri, iqtisadiyyatın inkişafı qanunvericiliklə tənzimlənəcək. Bu da Şuşa iqtisadiyyatının daha qısa zamanda bərpa edilməsinə qədim şəhərimizə gülüş və həyatın tez qayıtmasına imkan verəcək”.