“Azərxalça”ASC-nin Quba filialında 4 il ərzində 244 xalça istehsal olunub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə jurnalistlərə “Azərxalça” ASC-nin Quba filialının direktoru Nəzakət Novruzova məlumat verib.
O bildirib ki, 2017-ci ilin dekabr ayından fəaliyyətə başlayan Quba filialının 100-dən çox işçisi var:
“Müəssisə fəaliyyətə başlayandan burada 56 toxucu xanım çalışır. Emalatxanada 43 dəzgah var. İşçilər arasında ən gənc toxucumuz 24, ən qocaman isə 64 yaşındadır. Bizdə əsasən 7 növü olan xovlu xalçalar toxunur. Onlar müxtəlif ölçülərdə olur. Xalçaların keyfiyyətli olmasına daha çox diqqət yetirilir.
Xalçalar istehsal olunduqdan sonra “Azərxalça” ASC-nin Sumqayıt filialına göndərilir. Bəzən sifarişlər əsasında xalçalar yuyulmadan saxlanılır. Sifarişçilər xüsusilə xalçaların yuyulmasını istəmir, buna səbəb hər xalçanın üzərində onu toxuyan işçinin əl izinin olmasıdır. Normalda xalçanın kəsilməsi, yuyulması, qırxılması prosesi mərhələli şəkildə həyata keçirilir”.
Nəzakət Novruzova qeyd edib ki, bu günə qədər filialın bu emalatxanasında istehsal edilən 244 xalçanın ümumi sahəsi 861,64 kvadratmetrdir:
“Burada əsasən, Quba, Şirvan xalça və çeşnilərindən istifadə edilir. Hər bir toxucunun 1 kvadratmetr toxuma potensialı olur. Lakin məcbur deyil ki, hər bir toxucu 1 aya 1 kvadratmetrlik sahəni təhvil versin. Ortalama xalçanın çeşnilərindən asılı olaraq 1 metrlik xalçalarda təxminən 3-3,5 kq-a qədər ip istifadə olunur”.