Mayın 27-də Suriya Ərəb Respublikasının Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan Respublikası vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, həmin şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub.
Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan qadın və azyaşlı uşaqların yeri müəyyən edilib, onların şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti dəqiqləşdirilib. Daha sonra İraq və Suriyadan AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər.
Türkiyə Respublikasının müvafiq dövlət qurumları ilə aparılmış müştərək fəaliyyət nəticəsində cari il mayın 25-də Suriyada olan sözügedən vətəndaşlarımızın Türkiyə Respublikasına sərhəd keçidi təmin edilib.
Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən 2021-ci il mayın 26-da qadın və uşaqların ilkin tibbi və psixolojı müayinəsi keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən vətəndaşlarımızın ölkəyə qayıtması üçün onlara “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri rəsmiləşdirilib və onlar Azərbaycana uçuş biletləri ilə təmin ediliblər.
Cari il mayın 27-də Türkiyə Respublikasının miqrasiya xidməti rəsmilərinin və Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə həmin vətəndaşların İstanbul-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcək.