31 May 2021 13:35
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində iki erməni hərbçisinin məhkəməsi başlayır. Müttəhimlər kürsüsündə 12 nəfər azərbaycanlıya qarşı qəddar əməllər törədən Xosrovyan və Mkrtçyan əyləşəcək. Bildirim ki, hər iki şəxs 10 noyabrdan əvvəl, 2020-ci ilin oktyabr döyüşləri zamanı əsir düşüb.Təəccüblü deyil ki, Ermənistanın bütün rəsmiləri Bakını müxtəlif konvensiyaları pozmaqda suçlayır. İnanılmaz siyasi "inkişaf"dır, nəhayət 30 ildən sonra qarşı tərəf beynəlxalq sənədlərə istinad etməyə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Onun sözlərinə görə, Azərbaycanın bir qrup ictimai-siyasi fəalı, müstəqil mövqeləri ilə seçilən Zərdüşt Əlizadə, Sabit Bağırov və başqaları prezidentə müraciət ediblər ki, İrəvanda xalqı sülhə inandırmaq, millətçi və şovinist dairələrə zərbə vurmaq üçün humanizm göstərib əsirləri azad etsin: “Əlbəttə, hər kəs fərqli fikir söyləyə bilər və belə təşəbbüsləri də süngü ilə qarşılamaq olmaz. Lakin daimi sülhün ədalətli məhkəmədən keçdiyi unudulmamalıdır! Biz mühakimənin açıq keçirilməsini, dünyanın hər yerindən izlənməsinə şərait yaradılmasını təklif edirik.

Eləcə də prokurorluq və məhkəmə orqanları dövlətimizin adından ittiham və hökm elan edərkən, təqsirləndirilən şəxslər də titullu vəkil tutmaq istəyirsə, qoy etsin”.

Komitə sədri əlavə edib ki, “Əsrin məhkəməsi” sayıla biləcək proses zamanı mediamızın soyuqqanlı, obyektiv və balanslı davranacağına inanır: “Xarici mətbuat da iştirak edə bilər. Şübhəsiz, Avropa Məhkəməsinə daşınacaq prosesin təkcə hüquqi deyil, həm də siyasi məna kəsb etdiyi hamıya bəllidir. Beynəlxalq tribunalarda “siyasi məhbus” adlanacaq belə adamların himayəçiləri 30 illik işğalın xarici ideoloqlarıdır. Ədalətsiz dövlətlərin təzyiqinə 17 il, 44 gün və son 6 ayda mətinliklə dözən birinci şəxs İlham Əliyev Parisin, Brüsselin və Strasburqun çağırışlarının hansı maraqlardan irəli gəldiyini əla bilir. Halbuki müharibələrin tarixi qaliblərin məhkəmə hüququnu mütləq tanıyır! Bəli, Stalinin Nürmberq prosesi olmasaydı, 3-cü Reyxin sağ qalan təmsilçiləri yeni müharibələr törətməkdən çəkinməzdilər. İsrail dövləti də1962-ci ildə tərtib etdiyi siyahı üzrə Osvensemi, Holokostu törədənlərin bir qismini cəzalandırdı. İndi 30 ilə yaxındır Hərbi Prokurorluqda açılan cinayət işlərinin üzərindən qalın tozu silmək vaxtıdır. O qovluqlar təkcə tarix və arxiv üçün deyil, yerinə yetirilə bilməmiş dövlət aktıdır. Hökmlərsə hələ çıxarılmayıb və əfv ediləcək hərbi cani də yoxdur. Ərazi bütövlüyü, diplomatik münasibətlər belə Xocalı tribunalı qurmaqdan bizi daşındıra bilməz”.


Müəllif: Nemət

Oxşar xəbərlər