Mayın 31-də IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi çərçivəsində Xıllı-Balıq MMC, AzVarvara MMC, “Azerbaijan Fish Farm” MMC balıqartırma zavodlarında yetişdirilmiş 550000 ədəd körpə nərə balığının suya buraxılması mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.
Məlum olduğu kimi, son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin populyasiyaları insan fəaliyyətinin mənfi təsirləri, çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində məhvolma təhlükəsi həddinə çatıb.
Problemin hərtərəfli həlli məqsədilə IDEA İctimai Birliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Böyük Britaniyanın “Mavi Dəniz Fondu” (BLUE) ilə birlikdə müxtəlif mühafizə, bərpa və ictimai maarifləndirmə tədbirləri həyata keçirilir.
"Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii populyasiyasının artırılması, balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, ötən ilin may ayında start verilmiş layihə çərçivəsində indiyədək ümumilikdə 3 milyondan çox müxtəlifnövlü balıq körpələri su hövzələrinə buraxılıb.
“Zəngin hövzələr” layihəsinin icrası müddəti balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may tarixindən elan olunan 4 aylıq moratoriuma təsadüf edir.