Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi monitorinqləri davam etdirir.
AQTA-dan Teleqraf.com-a verilən məlumata görə, agentlik əməkdaşları Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şamaxı rayonunda fəaliyyət göstərən heyvan kəsimi və ət satışı yerlərində reydlər keçirib.
Reydlər zamanı heyvan kəsiminin və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib. Yerli icra orqanlarının əməkdaşları tərəfindən qida təhlükəsizliyi tələblərinə uyğun olmadan heyvan kəsimində istifadə edilən dəmir konstruksiyalar sökülüb. Eyni zamanda, Agentlik əməkdaşları tərəfindən kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirilmələri üçün zəruri məlumatlar verilib.
Agentlik bir daha vətəndaşları bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün prosesdə fəal iştiraka dəvət edir, bu cür qanunsuz fəaliyyət göstərən, qida təhlükəsizliyi tələblərini kobud şəkildə pozan qanunsuz heyvan kəsimi məntəqələri ilə bağlı Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.