Uzun müddətdir ki, bütün dünyanı, həm də Azərbaycanı bürüyən COVID-19 pandemiyası ilə ölkəmiz çox yüksək şəkildə mübarizə apardı. Biz çox az itki ilə problemin öhdəsindən gələ bildik. Təbii ki, pandemiyanın yayılması, ölüm hallarında müəyyən artım və enmələr mərhələli şəkildə müşahidə olundu. Lakin buna baxmayaraq ümumi nəzər yetirsək, görülən profilaktik tədbirlər nəticəsində demək olar ki, bu xəstəliyə qalib gəlmişik.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu günün statistikasında rəqəmlərin azalmasının başlıca səbəbi görülən tədbirlər və vətəndaşların məsuliyyətinin nəticəsidir:
"Dəfələrlə yoluxma hallarında eniş zamanı həyəcan təbili çalıb vətəndaşlara xəbərdarlıq etmişik. Bu gün də demək istəyirəm ki, bu enişlərə heç kim arxayın olmasın. Çünki bu virusun hələ etimologiyası bəlli deyil. Nə zaman bitməsi sual altında olan xəstəlik olduğuna görə, bu virusla yaşamaq məcburiyyətindəyik və ayıq-sayıqlığı əldən verməməliyik. Biz həm öz sağlamlığımızın,həm övladlarımızın, ailələrimizin, həm də ölkəmizin təhlükəsizliyini qorumalıyıq.
Təbii olaraq açılmalara getdik. Bu açılmaların səbəbi həm də yüksək səviyyədə vaksinasiyanın başlanmasıdır. Azərbaycana gətirilən ən nüfuzlu şirkətlərin məhsulu olan vaksinlər risk qruplarından başlayaraq, artıq 18 yaşdan yuxarı vətəndaşlara tətbiq edilir. Bunun sayəsində xəstəliklə mübarizədə uğurlu nəticələr əldə etmişdik. Hesab edirəm ki, belə davam edərsə, xəstəliyə qalib gəldiyimizi açıqlaya bilərik. Bu, bizdən asılıdır. Əgər karantin rejiminin yumşaldılmasını, ənənəvi həyata qayıtmaq istəyiriksə, qaydalara əməl etməliyik. Peyvənd olunaq ki, həyatı qaytaraq".