3 İyun 2021 12:39
425
12 Punto 14 Punto 16 Punto 18 Punto

İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Elnar Məmmədlinin verdiyi məlumata görə İB-nin təşəbbüsü və təşkilatçılığı ilə iyunun 30-da video konfrans formatında I Qarabağ Beynəlxalq İqtisdai Forumu keçiriləcək.

Teleqraf.com xəbər verir ki, forumda millət vəkillərinin, müvafiq dövlət orqanlarının nümayəndələrinin, yerli və beynəxlaq ekspertlərin, dünyanın ayrı-ayrı ölkələrindən parlament üzvlərinin, jurnalistlərin, nüfuzlu ictimai-siyasi xadimlərin iştirakı gözlənilir. Qeyd edək ki, video konfrans formatında keçirilməsi nəzərdə tutulmuş tədbirə hazırlıq işlərinə artıq başlanılıb. İMZA İctimai Birliyinin mərkəzi ofisində bu məqsədlə xüsusi toplantı da keçirilib. Birliyin sədri, beynəlxalq forumun təşkilat komitəsinin rəhbəri Xəyyam Əsgərov, Azərbaycan parlamentinin deputatı, forumun təşkilat komitəsinin üzvü Vüqar Bayramov, İB-nin idarə heyətinin üzvləri iclasda etdikləri çıxışlarda bildiriblər ki, II Qarabağ müharibəsinin ən mühüm nəticələrindən biri regionumuzda yaranmış yeni reallıqlardır. Müzəffər Ali Baş Komandamızın rəhbərliyi altında qəhrəman ordumuz 30 illik işğala son verib. Münaqişənin həll olunması bölgənin yenidən bərpası,o cümlədən regionun iqtisadi imkanlarının səmərəli şəkildə istifadəsi üçün imkanlar yaradıb. Dövlətimiz artıq məhz bu məqsədlə planlı şəkildə addımlar atır, mühüm layihələrə start verir.

Vurğulanıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar Qarabağ bölgəsinin tezliklə bərpasına və böyük qayıdışın ən tez müddətdə baş verəcəyinə olan ümidləri daha da yüksəldir. Xatırladılıb ki,Prezident İlham Əliyev bərpa prosesində ilk növbədə dost və qardaş ölkələrin iştirak edəcəklərini bildirib və bu işə faktiki olaraq başlanılıb. Ümumiyyətlə, Qarabağın Azərbaycan iqtisadiyyatına qısa müddətdə reinteqrasiyasına və bu proses başa çatdıqdan sonra isə ölkədə iqtisadi fəallığın daha da artacağına heç bir şübhə yoxdur. Bərpa prosesinə xüsusi maraq göstərən ölkələrin və şirkətlərin sayının artması, uğurla həyata keçirilən infrasturktur layihələri onu deməyə əsas verir ki, yaxın perspektivdə Qarabağ bölgəsi inkişaf mərhələsinə qədəm qoyacaq. Bu baxımdan mövzunun əhəmiyyətini, aktuallığını, prosesə marağı daha da artırmaq üçün onun təbliğati əhəmiyyətini nəzərə alan İMZA İB I Qarabağ Beynəlxalq İqtisadi Forumu keçirməyi qərara alıb.

X.Əsgərov foruma yerli və beynəlxalq səviyyədə ciddi maraq olacağını vurğulayıb. Tədbirdə iştirak üçün müraciət etmiş beynəlxalq ekspertlərin rəyləri də çox müsbətdir. Azərbaycan parlamentinin deputatı Vüqar Bayramov İMZA İB-nin belə bir təşəbbüslə çıxış etməsini alqışladığını deyib və tədbirin yüksək səviyyədə baş tutması üçün atılan addımların uğurlu olduğunu ifadə edib. Sonra forumla əlaqədar təşkilati məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər