3 İyun 2021 17:56
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Torpaqlarımızın 30 ilə yaxın işğal altında qalmasına 44 günlük müharibədə şanlı qələbəmizlə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin uzun illərdən bəri apardığı siyasət, dövlət başçısının nümayiş etdirdiyi qəti iradə və prinsipiallıq, igid oğullarımızın şücaəti, cəsarəti, böyük Vətən sevgisi öz bəhrəsini verdi. Üç minə yaxın şəhid verdik, minlərlə insan qazi statusu qazandı.

İstər birinci, istərsə də ikinci Qarabağ müharibəsindən sonra qazilərin və şəhid ailələrinin cəmiyyətdə statusu daha da möhkəmləndi. Elə ilk günlərdən şəhidlərin dəfn edilməsi minlərlə sadə vətəndaşın iştirakı ilə keçirildi, günlərlə, həftələrlə hamı şəhidlərdən, onların qəhrəmanlığından danışdı, bu gün də danışılır, illər sonra da danışılacaq. Çünki qanı bahasına Qarabağı bizlərə qaytaran vətən oğullarının adı əbədi tariximizə həkk olunub. İllər keçəcək, onlar haqqında əsərlər yazılacaq, filmlər çəkiləcək, xalq öz qəhrəmanlarını əbədi qəlbində, yaddaşında yaşadacaqdır.

Dövlətimiz də onların adını əbədiləşdirir, muzeylər tikilir, abidələr ucaldılır, heykəllər qoyulur, küçələrə onların adları verilir. Əbədiyyata qovuşmuş şəhidlərimizin gözləri də arxada qalmadı desək yanılmarıq. Çünki dövlət onların ailələrinə, övladlarına, yaşlı valideynlərinə sahib çıxdı. Müavinətlər verildi, mənzil, işlə təminat kimi məsələlər həll olunur, onların hər bir probleminin həllinə dəstək göstərilir.

Eyni münasibət göstərilən və qayğı ilə əhatə olunan qazilərimizin çətinliklərinə hər cür köməklik göstərilir, onların müalicəsi, reabilitasiyası dövlət hesabına həyata keçirilir. Lakin o dəhşətli günləri unutmaq heç də asan deyil. Qazilərin pulsuz psixoloq xidmətindən yararlanması üçün reabilitasiya mərkəzlərində hər cür şərait yaradılıb. Əksər qazilər müharibəyə yollanarkən orta məktəb təhsili almışdılar və peşə hazırlığına malik deyildilər. Ancaq buna baxmayaraq, dövlət başçısının tapşırığı ilə onların işlə təminatına dəstək göstərilir və artıq çox sayda müharibə iştirakçısı işlə təmin olunub.

Bu gün bizi ağrıdan bir məsələ də var ki, ondan yan keçmək olmur. Bizim şəhidlərimiz ölümə gedərkən, qazilərimiz hücuma atılarkən nə həlak olacaqlarını, nə də əlil qalacaqlarını düşünməyiblər. Yüzlərlə fakt sadalama olar ki, döyüşdə yaralanan əsgərimiz tez sağalıb yoldaşlarının yanına qayıtmağa, torpaqlarımızı sonadək düşməndən təmizləməyə can atıb. Onları bu şücaətə bir amal aparıb – təmənnasız Vətən sevgisi. Lakin bəzi hallarda şəhid ailəsi, qazi adından sui-istifadə görəndə, bəzilərinin bu müqəddəs dəyərlərə xas olmayan əməllər törətdiyini görəndə...

Belə hallarla birinci Qarabağ müharibəsindən sonra da qarşılaşmışdıq. Bəzi qazilər yolları kəsər, piketlər edər, dövlətin verdiyi mənzil və avtomobilləri satıb yeniləri üçün aksiya keçirərdilər. Bəzi imkanlı şəxslər isə onlara verilən xüsusi statusdan, imtiyazlardan yararlanaraq adlarına obyekt açdırardılar. Bütün bunlar yaxın keçmişdə olub və heç də unudulmayıb. 2000-ci illərin əvvəllərində aksiyalardan birində qazinin dövlətin verdiyi avtomobili yandırmasını da ürək ağrısı ilə izləmişdik. Hələ birinci müharibədən ötən dövr ərzində nə qədər insan saxta əlillik dərəcəsi, veteran adı aldı. Bu gün də onlar dövlətdən pul və imtiyaz alaraq şəhidlərimizin, onların ailələrinin, əsl veteran və müharibə əlillərimizin haqqına girirlər.

Budur, onlardan biri Məhəmmədəli Hacıyev adlı şəxs özünü yandırmağa cəhd etdi ki, “birinci Qarabağ müharibəsi veteranının hüququnu pozursunuz”. Araşdırıldı ki, o, heç vaxt müharibəyə getməyib. İş o yerə gəlib çatdı ki, əsl döyüşçülər onu qazi adına ləkə gətirdiyinə görə döydülər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər